Təlimlərdə müasir döyüş üsulları məşq etdirilir - Nazir

 14:57 07.04.2023     621

Ali Baş Komandanın göstərişinə uyğun olaraq Azərbaycan Ordusunda bütün sahələrdə olduğu kimi hərbi təhsil sahəsində də həyata keçirilən islahatlar davam etdirilir.

Redaktor.az xəbər verir ki, bunu müdafiə naziri general-polkovnik Zakir Həsənov deyib.

Nazir qeyd edib ki, peşəkar zabit kadrlarının hazırlanmasında Türkiyə modelindən istifadə olunur və bu prosesin həyata keçirilməsində komando hazırlığı mütləqdir.

Hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması, bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsi məqsədilə təlimlərdə müasir döyüş üsulları məşq etdirilir, Ordumuzun arsenalına yeni tələblərə cavab verən silah, hərbi texnika daxil edilir və hərbi qulluqçulara onların effektiv tətbiqi qaydaları öyrədilir.

General-polkovnik Z.Həsənov qeyd edib ki, Aprel döyüşləri, Günnüt əməliyyatı, Vətən müharibəsi və sonrakı əməliyyatlarda Azərbaycan Ordusu öz qüdrətini bütün dünyaya sübut etdi. Ordumuzun daha da qüdrətlənməsi və inkişaf etməsi istiqamətində görülən işlər hazırda da davam etdirilir. Nazir xüsusi vurğulayıb ki, bu gün bütün hərbi qulluqçularla yanaşı hərbi institutda təhsil alan gələcəyin zabitləri də öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməlidir.