49 qəlpə yarası alan aprel qazisi - FOTO

 20:12 10.04.2023     1298

4 günlük müharibədə düşmənə qarşı rəşadətlə vuruşan hərbçilərimizdən biri də Qazi İlham Əliyevdir

Azərbaycan ordusunun qələbəsi ilə bitən aprel döyüşlərindən 7 il ötür. 2016-cı ildə baş vermiş 4 günlük müharibədə qəhrəman əsgər, gizir və zabitlərimiz təcavüzkar Ermənistan ordusuna ağır zərbələr endirib. Nəticədə 2 min hektardan artıq ərazi işğaldan azad olunub. Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam azad edilib. Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli “Lələ təpə” yüksəkliyinə üçrəngli bayrağımız sancılıb. 2016-cı ilin Aprel döyüşləri tariximizin qəhrəmanlıq səhifəsi, şanlı hərbi qələbəmiz olmala yanaşı, 2020-ci ilin 44 günlük Vətən Müharibəsində əldə etdiyimiz Zəfərin təməli hesab olunur.

7 il öncə baş verən Aprel döyüşlərində iştirak edənlərdən biri də Goranboy rayonunun Qaradağlı kənd sakini Qazi İlham Bayram Oğlu Əliyevdir. O, 17 yanvrar 1997-ci ildə Goranboy rayonunun Qaradağlı kəndində anadan olub. 2014-cü ildə Qaradağlı kənd orta məktəbini bitirib. 2015-ci ilin yanvar ayında həqiqi hərbi xidmətə yollanıb, Füzuli və Xocavənd rayonlarındakı hərbi hissələrdə xidmət keçib. 2016-cı ilin aprel döyüşlərində Füzuli-Xocavənd istiqamətində döyüşlərə qatılıb. Əsgər İlham Əliyev göstərdiyi şücaətə, cəsurluğa görə, qısa zamanda hərbçi yoldaşlarının hörmətini qazanıb.

Aprelin 3-də Lələtəpə yüksəkliyinin azad olunması uğrunda döyüşlərdə minaatan mərmisinin partlaması nəticəsində 49 qəlpə yarası alıb. Əvvəlcə Füzuli rayonunun Əhmədbəyli kəndindəki hərbi hospitala, ardınca Silahlı Qüvvələrin Baş Klinik Hospitalına təxliyə olunub. Müalicəsinin davam etdirilməsi üçün qardaş Türkiyədəki Gülhanə Hərbi Tibb Akademiyasının hospitalına göndərilib, bir neçə dəfə cərrahi əməliyyat keçirib. Qazimiz ümumilikdə 7 ay müalicə olunaraq sağlamlığının böyük bir hissəsini bərpa edə bilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla “Hərbi xidmətdə fərqlənməyə görə” medalına, həmçinin xidmət etdiyi hərbi hissə komandiri tərəfindən Fəxri Fərmana layiq görülüb. İlham Əliyev hazırda Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Goranboy filialının sədr müavini, Qaradağlı kənd mədəniyyət evinin bədii rəhbəridir, doğulub boya-başa çatdığı kənddə yaşayır (kaspi).