"Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun rəhbərliyi ən sərt şəkildə cəzalandırılmalıdır" - Polkovnik

 17:25 14.04.2023     1254

Məlum olduğu kimi, Azərbaycan Ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu aprelin 10-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər.

Ermənistanın Sisian icmasının (Sünik rayonu) Bnunis kəndinin sakinləri əsgərlərimizi saxlayıblar. Sosial şəbəkələrdə və Ermənistan mediasında ermənilərin əsir götürdükləri Azərbaycan hərbçisini döymələri, ona ağır işgəncə vermələri ilə bağlı görüntülər yayılıb.

Ermənistan Müdafiə Nazirliyi aprelin 13-də Azərbaycan əsgərlərinin Ermənistanda saxlandığını etiraf edib.

Mövzu ilə bağlı Redaktor.az-a danışan hərbi-ekspert, polkovnik Üzeyir Cəfərov bildirdi ki, ermənilər bizim əsgərlərə hər zaman çox vəhşi münasibət göstərib.

Onun sözlərinə görə, dünən biz bunun bir daha şahidi olduq:

"Amma erməni ilə bərabər bizim bəzi komandirlərin də məsuliyyəti var ki, o məsuliyyət üzərində Müdafiə Nazirliyinin rəhbərliyi ciddi düşünməlidir. Bu məsələnin baş verməsində günahı olan şəxslər mütləq mənada ən sərt şəkildə cəzalandırılmalıdır. Çünki qalib ordunun əsgərinin düşmən əlinə keçməsi və ona işgəncələrin verilməsi biabırçılıqdır. Erməninin cəzası nə qədər verilsə də, yenə azdır. Amma bizim xüsusən də Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun rəhbərliyi ən sərt şəkildə bu məsələyə görə cəzalandırılmalıdır. Hətta vəzifəsindən də kənarlaşdırılmalıdır. Mənim yanaşmam ondan ibarətdir və dünən də Müdafiə Nazirliyinin rəhbərliyinə müraciət etmişəm ki, qəbul eləsinlər. Yəni mən onlara təkcə bu deyil, bununla yanaşı onlarla faktı nəzərlərinə çatdırmaq istəyirəm ki, belə davam edə bilməz".

Ekspertin fikrincə, məsuliyyətsizlik, vəzifə borcuna səhlənkar yanaşmaq bizi belə xoşagəlməz bir vəziyyətlə baş-başa qoyub.

"Erməni indiyə qədər də vəhşilik edib, indi də edir, bundan sonra da vəhşilik edəcək. Bu, onların xislətində, qanındadır. İndi diplomatiyamız da ictimaiyyətlə bir yerdə elə çalışmalıdır ki, bu erməni vəhşiliyi bütün dünyaya yayılsın. Və görsünlər ki, əlində silahı olmayan bir əsgərə qarşı bunlar necə amansızlıqla, vəhşiliklə davranırlar. O uşaq ermənilərə neyləmişdi ki, götürüb onu o dərəcədə şikəst edirlər, ölüm dərəcəsinə qədər döyürlər. Beynəlxalq qurumlar da kordurlar, görmürlər, görmək istəmirlər. Amma biz nə qədər ki, təpər göstərməyəcəyik, nə qədər ki, sona qədər prinsipiallıq göstərməyəcəyik, bu şərəfsizlər əsgərlərimizi də, bizim özümüzü də hər zaman belə təhqir edəcəklər", - deyə Üzeyir Cəfərov bildirdi.

Həmidə İbrahimli