"Əsgərlərimizin niyə əsir düşmələri barədə araşdırmalar aparılacaq" - AÇIQLAMA

 17:00 17.04.2023     607

Xəbər verdiyimiz kimi, aprelin 10-da Azərbaycan Müdafiə Nazirliyi Naxçıvanda iki hərbçinin azaraq itkin düşməsi barədə məlumat yayıb. Onlardan biri aprelin 10-da Sisianın (Ermənistanın Sünik rayonu) Bnunis kəndi yaxınlığında aşkar edilərək saxlanılıb. Aprelin 13-də Naxçıvandan sərhədi keçən ikinci Azərbaycan əsgəri Ermənistanın Sünik rayonunda saxlanılıb. 

Sosial şəbəkələrdə və Ermənistan mediasında ermənilərin əsir götürdükləri Azərbaycan hərbçisini döymələri, ona ağır işgəncə vermələri ilə bağlı görüntülər yayılıb.

Ermənistan Müdafiə Nazirliyi aprelin 13-də Azərbaycan əsgərlərinin Ermənistanda saxlandığını etiraf edib.

Bu gün isə Ermənistan Baş Prokurorluğunun yaydığı məlumata görə, Aqşin Bəbirov və Hüseyn Axundov barəsində Cinayət Məcəlləsinin bir sıra maddələri ilə cinayət işi başlanıb. Onlar bir qrup şəxs tərəfindən qabaqcadan razılaşdırılaraq dövlət sərhədini qanunsuz keçməkdə, silah-sursatın qaçaqmalçılığında və qanunsuz dövriyyəsində ittiham olunurlar.

Mövzu ilə bağlı Redaktor.az-a danışan hərbi ekspert Ramil Məmmədli bildirdi ki, əsir və girovlarla davranış qaydaları, əsir düşmənin səbəbləri uzun illərdir araşdırılır.

Onun sözlərinə görə, bu məsələlərlə bağlı müxtəlif fikir və mülahizələr var.

"Amma birmənalı olaraq bir fikir söyləmək mümkün deyil. Hər bir halda müxtəlif səbəblərdən əsir və girov düşmək olur. Bunlardan biri də bu gün azərbaycanlı hərbçilərin iddia etdiyi kimi, hava şəraiti səbəbindən azmalarıdır, səhv yolla getmələridir. Təbii ki, indi Azərbaycan dövləti təcili olaraq onların azadlığa buraxılması istiqamətində müəyyən tədbirlər həyata keçirir. Yəni  beynəlxalq instansiyalar, Qırmızı Xaç Cəmiyyəti və digər humanitar təşkilatlar vasitəsilə onların azadlığa buraxılması istiqamətində müəyyən tədbirlər həyata keçirilir. Amma Ermənistan bu məsələdə hansı addımı atacaq, bəlli deyil. Əlbəttə, Azərbaycan əsirləri qaytarılacaq. Əgər əsirlər istəsələr, Azərbaycana qayıda biləcəklər. Yenə deyirəm, çünki istənilən şəxsin sonradan fikri, təklifi, tələbi əsas götürülür, istəməsələr qayıtmayacaqlar. Amma demək istəyirəm ki, hər bir halda onlar Azərbaycana qayıdacaqlar və burada niyə əsir düşmələri barədə araşdırmalar aparılacaq. Ermənistana gəldikdə isə, təbii ki, onlar Azərbaycan hərbçisidir və müəyyən qədər onlarla fərdi söhbətlər edəcəklər. Bu, təbiidir. Cəhd edəcəklər ki, müəyyən informasiyalar əldə etsinlər. Amma hər halda Azərbaycan öz vətəndaşının, hərbi qulluqçusunun geri qaytarılması üçün həm beynəlxalq təşkilatlar səviyyəsində, həm birbaşa müəyyən danışıqlar aparacaq", - deyə R.Məmmədli qeyd etdi.

Həmidə İbrahimli