Hərbi xidmətə çağırış və səfərbərliklə bağlı ciddi addımlar atılacaq - Zahid Orucdan AÇIQLAMA

 16:30 18.04.2023     1229

Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyevin imzaladığı sərəncamla Arzu Rəhimov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsindən azad edilib və digər sərəncamla Mürsəl İbrahimov sözügedən Xidmətin rəisi təyin edilib. 

Yeni rəisin təyin olunması hərbi xidmətə çağırışda hansısa dəyişikliklərə səbəb olacaqmı?

Mövzu ilə bağlı Redaktor.az-a Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc bildirdi ki, Təşkilat və Səfərbərlik İdarəsi ölkəmiz üçün son dərəcə mühüm bir strukturdur.

Onun sözlərinə görə, burada millətimizin övladları, yeniyetmə yaşlarından hərbi qeydiyyata alınırlar, onların uçotu aparılır:

"Sonrakı dövr həmin şəxslər hərbi xidmətə cəlb olunur, o cümlədən səfərbərlik ehtiyatları həmin qurum vasitəsilə formalaşdırılır. Və ən nəhayət, hərbi vəziyyət, müharibə durumu və bizim üç il öncə apardığımız müqəddəs savaşda olduğu kimi, milli davamız vaxtı da həmin işin real təşkili həyata keçirilir. Əlbəttə, biz onu burada ayrıca vurğulamalıyıq ki, sovet dövrü hərbi komissarlıqlarıyla hazırkı dövrün çağırışları bir-birindən çox fərqlidir. Çünki orada vahid bir imperiya vardı və onun ucqarlara doğru komissarlıqları müəyyən şəxsləri hərbi xidmətə cəlb edirdilər. Sovetlər Birliyi isə 40-cı illərdə savaşda oldu. O dövrdə də komissarlıqlar öz üzərlərinə düşən işləri yerinə yetirdilər. İndiki şəraitdə biz onu qeyd etməliyik ki, bəlkə də daha geniş əsaslarda, millətimizin hər bir övladının, oğlan uşaqlarının xidmətə hələ yararlıq dövründən qat-qat əvvəl, bəlkə də daha erkən yaşlarından məlumatları vahid bir informasiya bazasında toplanmalıdır. Ondan sonrakı mərhələdə şəxslərin xidmətə cəlb olunandan sonra onların hansı sahələrdə fəaliyyət aparmaları kadr resursu kimi yığılmalıdır və məhz bu struktur vasitəsilə biz görməliyik ki, Azərbaycanın hansı sahələrdə, nə qədər Müdafiə Nazirliyi, Sərhəd Xidməti, Daxili Qoşunlar, Fövqəlada Hallar Nazirliyi çevrəsində xidmət aparanlar olmağına rəğmən, Təşkilat və Səfərbərlik İdarəsi özünün statusuna, fəaliyyətinin əhatə dairəsinə görə qat-qat fərqlənməlidir. Ümidvaram ki, bu təyinatdan sonra qeyd etdiyimiz hüquqi, qanunvericilik, səlahiyyət və s. kimi sahələrdə də dəyişikliklər özünü göstərəcəkdir".

İmkanlı şəxslərin övladlarının hərbi xidmətdən yayınması, onların cəbhə bölgəsindəki hərbi hissələrə göndərilməməsi məsələsinə gəldikdə isə millət vəkili əlavə etdi ki, cəmiyyətdə bu mövzuda müxtəlif polemikalar, diskurssiyalar zaman-zaman getməkdədir:

"Mən əlbəttə ki, burada dərhal bütün məmurların övladları xidmətdən kənarda qalır kimi bir hökmün verilməsini qətiyyən istəmirəm. Bir neçə naziri tanıyıram ki, onların övladları hərbi xidmətdə olublar. Lakin onlar bunu belə demək mümkündürsə, xüsusi bir piyara, ayrıca götürülmüş halda bir təqdimata çevirməyiblər və məncə də bu düzgün yanaşmadır. Onun digər sıravi vətəndaşın övladından əlahiddə bir üstünlüyü də yoxdur. Xidmət qarşısında dövlətə, millətə öz mükəlləfiyyətini və borcunu yerinə yetirmək üçün hamı eynidir. Burada hüquq bərabərliyi var. Düşünürəm ki, yəni bu mənada ölkə rəhbəri özü o nümunəni yaradıbdır. Yəni Heydər Əliyevin bilavasitə xidmət etdiyini hər birimiz bilirik. Andiçmə mərasimini də xatırlayırıq. Belə olan şəraitdə burada o da həqiqətdir ki, xüsusilə də müharibə dövründə bir qism insanların kənarda qalması sizin dediyiniz kimi, o mənzərəni yarada bilərdi və o polemikalar heçdən meydana çıxmayıb. Bununla bağlı informasiyaların mümkün qədər əlçatan olması, ictimailəşdirilməsi, geniş yayılması, dediyimiz məsələlərdə varlılar və kasıblar, varlı və kasıb uşaqları, müharibəni yalnız kasıblar aparır kimi bir mənzərə ortadan qalxar. Düşünürəm ki, biz baxsaq, bu gün müqəddəs şəhidlərimizin sırasında Azərbaycan cəmiyyətinin hər bir təbəqəsinin övladları var. Partiya mənsubiyyəti olan şəxslərin yaxınları da, dövlət adamları da. Biz ona görə də bunu xalq müharibəsi, Vətən müharibəsi adlandırırıq.

Ancaq əlbəttə ki, qarşıdakı dövrdə biz sözügedən sahədə elə etməliyik ki, bu gün nümunə olan daha çox bilavasitə istər parlament, istər hakimiyyətin digər qollarında təmsil olunan şəxslər, onların övladları olsun və  “bu Vətənin qorunması hamıya aiddir” sadəcə bir şüar və ya deviz kimi deyil, bir ümummilli ideal və Vətənə bağlı bir and kimi olsun. Elə xidmətə başlayanda ki, övladlarımız and içir, bax ordan qaynaqlansın".

Zahid Orucun fikrincə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindəki bu dəyişiklik yalnız hansısa bir adın dəyişməsi xarakteri daşımır.

"İşə münasibətdə də, qeyd etdiyimiz istiqamətdəki islahatlarda da yeni yanaşmalara səbəb olacaqdır. Qabaqcıl dünya təcrübəsi bu istiqamətdə öyrəniləcəkdir. Biz nəzərə almalıyıq ki, müharibə başa çatmasına baxmayaraq, risklər sıfırlanmayıb. Bölgədə, xüsusilə də Rusiya-Ukrayna müharibəsindən sonra regional təhlükələr artıb. Biz görürük ki, sülh müqaviləsinin imzalanması ertələnməkdə davam edir və bu fonda müxtəlif dövlətlərin basqıları, öz maraqları uğrunda fəal çarpışmaları genişlənir. Belə olan şəraitdə Təşkilat və Səfərbərlik İdarəsi gerçəkdən də ən nizami ordunun quruculuğunda mühüm bir struktur olmalıdır. Kimsə hansısa vasitələrlə rayonlarda, bölgələrdə gedib öz övladı üçün, yaxud yaxın şəxslər üçün imtiyazlar əldə eləsin və bunun fonunda nəticə etibarilə onlar kənarda qalsınlar, ağırlıq başqalarının üzərinə düşsün, bu, sadə vətəndaşın gözü qarşısındadır. Amma böyük dəyişikləri də biz qeyd etməliyik. Mən yaxşı xatırlayıram ki, bu çağırış məsələsi xüsusi vərəqələrlə ifadə olunurdu və ünvanlara göndərilirdi, ondan sonra şəxslərin xidmətə bilavasitə gəlişi baş verirdi. Lakin sonra qanunvericilikdə dəyişiklik edildi. Artıq zaman hamıya bəllidir və hər bir Azərbaycan insanı artıq yaxşı bilir ki, o xidmətə çağırılıb və gəlib o mükəlləfiyyətini yerinə yetirir. Beləliklə də, xidmətdən yayınma tendensiyaları zaman etibarilə nə qədər vardı, o cümlədən hələ komissarlıqların bu idarəyə çevrilməsi mərhələsində kifayət qədər neqativliklər cəmiyyətimizdə bəllidir, onlar xeyli dərəcədə aradan qaldırıldı. Ancaq iddia eləmək mümkün deyil ki, bunların hamısı elə sıfırlandı və hər yerdə ideal bir vəziyyət idi. Bu problemlər ara-sıra mediada çıxırdı. Ona görə də əminəm ki, bu istiqamətdə yeni rəhbərlik üzərinə dövlət başçısının mühüm tapşırıqları var və bu istiqamətdə də ciddi addımlar atılacaq", - deyə komitə sədri vurğuladı.

Həmidə İbrahimli