"Biz növbəti dəfə ermənilərin necə namərd olduğunun canlı şahidiyik" - Polkovnik

 16:49 20.04.2023     1380

Məlum olduğu kimi, aprelin 10-da Azərbaycan Müdafiə Nazirliyi Naxçıvanda iki hərbçinin azaraq itkin düşməsi barədə məlumat yayıb. Onlardan biri aprelin 10-da Sisianın (Ermənistanın Sünik rayonu) Bnunis kəndi yaxınlığında aşkar edilərək saxlanılıb. Aprelin 13-də Naxçıvandan sərhədi keçən ikinci Azərbaycan əsgəri Ermənistanın Sünik rayonunda saxlanılıb. 

Sosial şəbəkələrdə və Ermənistan mediasında ermənilərin əsir götürdükləri Azərbaycan hərbçisini döymələri, ona ağır işgəncə vermələri ilə bağlı görüntülər yayılıb. Ermənistan Müdafiə Nazirliyi aprelin 13-də Azərbaycan əsgərlərinin Ermənistanda saxlandığını etiraf edib.

Ermənistan Baş Prokurorluğunun yaydığı məlumata görə, Aqşin Bəbirov və Hüseyn Axundov barəsində Cinayət Məcəlləsinin bir sıra maddələri ilə cinayət işi başlanıb. Onlar bir qrup şəxs tərəfindən qabaqcadan razılaşdırılaraq dövlət sərhədini qanunsuz keçməkdə, silah-sursatın qaçaqmalçılığında və qanunsuz dövriyyəsində ittiham olunurlar.

Digər hərbçimiz Hüseyn Axundova qarşı isə növbəti cinayət işi açılıb. Guya H. Axundov Zəngəzur mis-molibden kombinatının gözətçisini qətlə yetirib.

Ermənilərin əsgərlərimizi şərləməkdə məqsədləri nədir?

Mövzu ilə bağlı Redaktor.az-a danışan hərbi ekspert, polkovnik Üzeyir Cəfərov bildirdi ki, ermənilərin məqsədi Azərbaycan əsgərlərinə olmayan cinayətləri onların ayağına yazmaq və tez bir zamanda həmin iki əsgərimizi Bakıda saxlanılan bir qrup ermənilərlə dəyişməkdir.

Onun sözlərinə görə, bu, erməni xislətinə, tərbiyəsinə və əxlaqına uyğun bir addımdır:

"Çünki indiyə qədər biz erməniləri heç nəyin əvəzində, kiminsə nəyisə tələb etmədən qarşı tərəfə qaytardığımız halda, onlar isə bu yola baş vururlar. Mən düşünürəm ki, yaxın zamanlarda bizim əsgərlərimizin öz komandirlərinin yanına qayıtmasının şahidi olacağıq. Yəni onlar yaxın aylarda - bir aya, iki aya Ermənistandan dəyişdiriləcək və gəlib öz xidmətlərini davam etdirəcəklər, sonra isə öz ailələrinin yanına qayıdacaqlar. Mən bunu belə görürəm. Ermənilərin nə uydurmaqlarından, nə yazmaqlarından asılı olmayaraq proses o istiqamətə gedir. Əslinə qalsaydı, qaytarmalıydılar, yəni insanlıq nöqteyi-nəzərdən və yaxud da ki, humanist nöqteyi-nəzərdən Beynəlxalq Qırmızı Xaç Komitəsi, yaxud da, Rusiya sülhməramlıları, hansı ki, indiyə qədər ermənilərə görə özlərini, yaxalarını cırırdılar, onlar həmin o iki əsgəri Azərbaycana rahat şəkildə qısa bir müddətə qaytara bilərdilər. Amma Ermənistan rəhbərliyi bundan bir şou düzəltmək istəyir".

Hərbi ekspert onu da vurğuladı ki, Ermənistan rəhbərliyi bundan özü üçün bir xal qazanmaq istəyir.

"Əlində silahı olmayan, hər hansı bir təhlükə yaratmayan əsgərlərdən hansı narahatlıq ola bilər? Bir sözlə, biz növbəti dəfə qonşumuzun necə naxələf, namərd olduğunun canlı şahidiyik. Bunu sadəcə unutmamalıyıq. Gələcəkdə erməni əsgərləri əsir düşəndə və yaxud da, erməni əsgərləri, hansılar ki, bizdə burada saxlanılıb, burada bəslənilir, sanki kökəltmə məntəqəsindədirlər, biz bunları hamısını yadımızda saxlamalıyıq və ermənilərin bu nankorluğunu biz onlara heç vaxt bağışlamamalıyıq. Əsgərimizə qarşı elədiyi hərəkəti də bizim hüquq-mühafizə orqanları guya burda cinayət işi qaldırıblar, görək onu hara çatdırırlar. Hərçənd ki, mən heç vaxt özümüzünkülərə inanmamışam, inanmıram. Çünki burada daxildə əsgər və zabitlərimizə qarşı yalan, uydurma şeyləri tez bir zamanda yazıb-poza bilirlər. Amma əsgərimizə qarşı açıq şəkildə fiziki zorakılıq, insan ləyaqətini alçaldan hallar olduğu halda, hələ də, bu müddətdə işin nə yerdə olduğunu bilmirik. Mən düşünürəm ki, yaxın zamanlarda hər iki əsgərimiz hərbi xidmətə qayıdacaqlar və ondan sonra da elə bu il ərzində də öz ailələrinin yanında olacaqlar. Çünki onlar artıq bir il xidmət ediblər, yəni ilin sonuna yaxın İnşallah xidmətlərini başa vurub ailələrinin yanına qayıdacaqlar" - polkovnik dedi.

Həmidə İbrahimli