"Rusiya sülhməramlıları Azərbaycan dövlət sərhədini yoxlanılma ilə keçəcək" - Polkovnik

 18:03 27.04.2023     755

Xəbər verdiyimiz kimi, aprelin 23-də Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.

Qeyd edək ki, 2020-ci ilin noyabrında Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı bəyanata əsasən ölkəmizin Qarabağ bölgəsində 5 il müddətinə Rusiya hərbi kontingenti yerləşdirilib. Həmin hərbçilərin təminatı Ermənistan ərazisindən keçməklə Azərbaycan ərazisindəki Laçın dəhlizi vasitəsilə təmin olunur. 

Bəs, Rusiya sülhməramlı kontingenti sərhəddən Azərbaycan sərhədçiləri tərəfindən yoxlanılaraq keçiriləcək, yoxsa onlara hansısa güzəşt olunacaq?

Mövzu ilə bağlı Redaktor.az-a danışan hərbi ekspert, polkovnik Üzeyir Cəfərov bildirdi ki, Rusiya sülhməramlı kontingenti ümumi qaydada Azərbaycan dövlət sərhədini yoxlanılma ilə keçəcək.

Onun fikrincə, rus hərbçilərinə heç bir güzəşt olmamalıdır:

"Niyə güzəşt olmalıdır? İndiyə qədər Azərbaycan kifayət qədər onlara güzəşt eləmişdi. Onlar bundan sui-istifadə etdilər. Ona görə düşünmürəm ki, onlara o fürsət tanınsın. Belə bir şey olacağı təqdirdə birinci etiraz edənlərdən biri mən olacam. Yəni niyə Rusiya bundan sui-istifadə etməlidir və biz buna göz yummalıyıq? İkincisi də ki, artıq oyun bitmək üzrədir. Əgər elə demək mümkünsə, bu oyunu bitirmək lazımdır. Oyun da elə bitəcək ki, Azərbaycan qanunlarına tabe olanlar, Azərbaycan ərazisinə aidiyyəti olanlar qalacaqlar. Aidiyyəti olmayanlar yavaş-yavaş ərazidən çıxarılacaq. Ruslar indi müxtəlif şayiələr yayırlar ki, danışıqlar aparılır, nə bilim, komandan onunla görüşür, bununla görüşür. Vallah, mən bildiyim qədər heç kimlə, heç bir görüş olmayıb. Yəni cəhd olub, guya özlərinin reytinqini qaldırmaq üçün olub. Amma Azərbaycan tərəfi onlara lazım olan məsələni izah edir. Məsələ ondan ibarətdir ki, sizə kifayət qədər imkan verilmişdi, şans verilmişdi. Siz bu imkanı özünüzə məxsus şəkildə dəyərləndirdiz".

Hərbi ekspertin fikrincə, Qarabağdakı Rusiya sülhməramlılarına yeni komandan təyin olunmuş general-polkovnik Aleksandr Lentsov ora pul yığmağa gəlib.

"Şoyqunun yaxın dostudur. O general-polkovnik orda özbaşına nə isə eləyən deyil ki. Sadəcə, Rusiyada vəziyyətin ciddiliyini başa düşürlər. Ukrayna müharibəsində rastlaşdığı vəziyyətdən dolayı ona görə çalışırlar ki, indi yerdə qalan müddətdə özlərinə yaxın olan adamlar vasitəsilə biznes vəsaitlər əldə eləsinlər. Bu məqsədlə o general göndərilib. Ay nə bilim orada Abxaziyada olub, Suriyada olub, burada olub. Heç nə edən deyil. Nə yaşı o deyil, nə də başı o deyil. Sonuncu vəzifəsi Şoyqunun müşaviri olub. Onu da müşavir ona görə götürüblər ki, sadəcə yanında dolaşsın, bəzi məsələləri həll eləsin. Heç belə böyük bir vəzifəsi də olmayıb. İndi o məqsədlə də Qarabağa göndərdilər. O gəlib hər hansısa bir qaydalar, qanunlar müəyyənləşdirən deyil. Buna heç kimin narahatlığı olmasın. Son vaxtlar sadəcə məni narahat eləyən odur ki, rus ekspertləri adıyla Azərbaycan mətbuatının səhifələrini doldurublar. Guya Ermənistan həddini aşırdı. Amma bunlara bir sual verən yoxdur ki, Ermənistan həddini kimin sayəsində aşırdı? Həmin Rusiya sülhməramlı cinayətkar dəstəsinin hesabına aşırdı. Təəssüflər olsun, bu gün reallıq budur ki, Azərbaycanda olan bəzi bizim mətbuatı idarə edən şəxslər də bu vəziyyətdə proseslərə hələlik nəzarət etmir" -  deyə polkovnik qeyd etdi.

Ü.Cəfərov hesab edir ki, Laçın dəhlizinin başlanğıcında Azərbaycanın sərhəd-buraxılış məntəqəsi qurmasından sonra orada bir qədər sakitçilik olmalıdır:

"Baxaq görək, yaxın günlərdə hələ çox məsələlərə aydınlıq gələcək".

Həmidə İbrahimli