"Türkiyə təyyarələrinin Azərbaycanda istehsalı bizim üçün müəyyən qapılar açacaq"

 18:06 02.05.2023     1211

Məlum olduğu kimi, Prezident İlham Əliyev İstanbulda keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalında çıxışında bildirib ki, yaxın gələcəkdə Azərbaycanda “Baykar” mərkəzi yaradılacaq.

Eyni zamanda, prezident pilotsuz döyüş təyyarəsi olan “Bayraktar Kızılelma”nın da Azərbaycan səmasında yaxın gələcəkdə görünəcəyini bildirib.

Mövzu ilə bağlı Redaktor.az-a danışan hərbi ekspert Ramil Məmmədli bildirdi ki, Türkiyə ilə hərbi sənaye sahəsindəki əməkdaşlığımız, Azərbaycanın müdafiə imkanlarının güclənməsi baxımından müsbət xarakterizə olunmalıdır.

Onun sözlərinə görə, burada əsas məsələ Türkiyədən hansısa hərbi təyinatlı məhsulun alınması deyil, həm də onun Azərbaycanda birgə istehsalının reallaşdırılmasıdır:

"Bu baxımdan, "Bayraktar TB2" pilotsuz uçuş aparatının Azərbaycanda istehsalının həyata keçirilməsi Azərbaycanın bu sahədə elmi-nəzəri biliklərə yiyələnməsinə kömək edəcək. Digər tərəfdən, müasir texnoloji avadanlıqların, hərbi vasitələrin satın alınması da bu mənada Azərbaycan üçün müəyyən dividendlər gətirir. Yəni müasir texnologiyalara Türkiyə müdafiə sənayesi sayəsində nail olmaq, ələçatan olması və daha tez satın alınmasını reallaşdırmaqdır. Bu baxımdan, deyək ki, NATO standartları, Qərb texnologiyası əsasında hazırlanan müasir hərbi vasitələrin, silah və texnikaların, texnologiyaların alınması, xüsusən də Türkiyə üzərindən alınması Azərbaycan üçün daha rahatdır. Bizim Türkiyə ilə qeyd olunan sahədə əməkdaşlığımız olduqca əhəmiyyətlidir. Həmçinin bu, Azərbaycanın müdafiə sənayesində gələcəkdə qeyd olunan istiqamətlərdə inkişafına da öz töhfəsini verəcək. Hesab edirəm ki, istər "Bayraktar", təbii ki, istərsə "Kızılelma" pilotsuz uçuş təyyarəsi kimi hərbi təyinatlı vasitələr, döyüş, aviasiya vasitələri və digər texnologiyaların Azərbaycanda istehsal prosesinin həyata keçirilməsi bizim üçün müəyyən qapılar açacaq".

Həmidə İbrahimli