"Əsgərlərimiz yaxın aylarda Azərbaycana qaytarılacaq" - AÇIQLAMA

 13:43 10.05.2023     721

Xəbər verdiyimiz kimi, Ermənistanın Sünik Vilayət Məhkəməsi əsgərimiz Aqşin Bəbirovu 11 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Aqşin Bəbirov sərhədi qanunsuz keçməkdə, sərhəddən silah və sursat keçirməkdə təqsirli bilinib. İkinci əsgər Hüseyn Axundovun işi üzrə istintaq davam edir. O, mülki şəxsi (Zəngəzur mis-molibden zavodunun gözətçisi) qətlə yetirməkdə ittiham olunur.

Bəs, Ermənistanın Azərbaycan əsgərləri ilə bağlı bu qərarından sonra hansı addımlar atılmalıdır?

Hərbiçilərimizin taleyi necə olacaq?

Məsələ ilə bağlı Redaktor.az-a danışan hərbi ekspert, polkovnik Üzeyir Cəfərovun fikrincə, heç nəyə görə narahat olmağa dəyməz:

“Bizim əsgərlərimiz yaxın vaxtlarda Azərbaycana qaytarılacaq. Onlar bizim əsgərlərə o ağır cəzaları ona görə veriblər ki, burda olan “baş kəsənləri” ilə bizim əsgərləri dəyişsinlər. İki əsgərimizi geri qaytarmaqla 5-6 əsgərlərini istəyəcəklər. Hansılar ki, Azərbaycanda cəza çəkir, onları istəyəcəklər. Məhz bu məqsədlə Ermənistan bu addımı adıb”.

Ekspert bunun gülünc vəziyyət olduğunu söyləyərək əlavə etdi:

“Heç bir ay deyil. Bunlar hansı istintaqı, hansı sübutları ortaya qoyublar. Mən hesab edirəm ki, bu, Ermənistanın necə bərbad durumda olduğunun göstəricisidir. Aprelin 5-də onlar yolu azıblar, aprelin 13-də Ermənistan onları həbs edib, heç bir ay keçməyib. Bu necə istintaqdır? Bu necə araşdırmadır? Ona görə də, Ermənistanın bu addımı sadəcə olaraq Azərbaycana təzyiq göstərmək və burda olan əsgər və zabitlərini geri almaq üçündür”.

Polkovnik qeyd etdi ki, buna görə tez-tələsik bu qərarı çıxarıblar:

"Onlar özləri də bilirlər ki, iki əsgərimiz o cinayəti törətməyiblər. Əslinə qalsa, geri qaytarmalı idilər. Amma təəssüflər olsun ki, bunlar ermənilərdir. Onlar öz xislətindən əl çəkmirlər. Uşaqları da bu şəkildə, belə deyək, yükləyiblər, guya bunlar cinayət törədiblər, cəzaları ağırdır və sair. Ermənistan özünü gülünc vəziyyətə qoyub”.

Son olaraq Ü.Cəfərov vurğuladı ki, əsgərlərimiz yaxın aylarda Azərbaycana qaytarılacaq və buna heç kimin şübhəsi olmamalıdır.

Xatırladaq ki, Azərbaycan Ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu aprelin əvvəlində Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər. Onlar əvvəlcə Ermənistanın Sisian icmasının (Sünik rayonu) Bnunis kəndinin sakinləri tərəfindən saxlanıblar. Daha sonra hərbçilərimiz bu ölkənin Milli Təhlükəsizlik Xidmətinə təhvil verilib.

Arzu İSMAYIL