Hərbçilərlə bağlı qanunlara dəyişikliklər ediləcək

 13:05 17.05.2023     555

“Hərbi vəzifə və hərbi xidmət haqqında” və “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” qanunlara dəyişikliklər edilir.

Redaktor.az xəbər verir ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik layihəsində hərbi qeydiyyat anlayışının dəqiqləşdirilməsi, müvafiq icra hakimiyyəti orqanında müddətli həqiqi hərbi xidmətdən buraxılmış, həmçinin müvafiq icra hakimiyyəti orqanında həqiqi hərbi xidmətdən buraxılıb həmin orqanın ehtiyatına keçirilməmiş və ya hərbi qeydiyyatından çıxarılmış hərbi vəzifəlilərin hərbi qeydiyyat qaydasının təkmilləşdirilməsi nəzərdə tutulur.

Layihədə texniki xarakterli dəyişikliklər var.

“Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” qanuna dəyişiklik layihəsində isə kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində həqiqi hərbi xidmətə çağırılmış və ya könüllü daxil olmuş şəxslərin hərbi qeydiyyatdan çıxarılması qaydasının təkmilləşdirilməsi, habelə kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin ehtiyatını təşkil edən dairənin dəqiqləşdirilməsi nəzərdə tutulur.

Hər iki qanuna dəyişiklik layihəsi bu gün parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında birinci oxunuşda müzakirə edilib. Müzakirələrdən sonra qanunlara dəyişiklik layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunub.