Qarabağdakı ermənilər İlham Əliyevin çağırışını ciddiyə almalıdırlar - Polkovnik

 14:19 30.05.2023     990

"Laçınlıların Laçına köçməsi mərasimində Azərbaycan Prezidentinin səsləndirdiyi ümumi fikirlər arasında, xüsusən separatçılara yönəlik fikirlər mənim şəxsən diqqətimi daha çox cəlb etdi. Yəni onların bu hoqqabazlıqlara son qoyması, qondarma parlament, qondarma prezident institutunun ləğvi ilə bağlı çağırışı ciddiyə alınmalıdır".

Bu fikirləri Redaktor.az-a açıqlamasında hərbi ekspert, polkovnik Üzeyir Cəfərov prezident İlham Əliyevin Laçına səfəri zamanı Qarabağdakı erməni məmurlara etdiyi xəbərdarlıqla bağlı danışarkən dedi.

Onun sözlərinə görə, biz bu işin davamını gətirməliyik:

"Aprelin 23-də Laçın yolunda post qurulub. Sabah mayın 31-dir, iyun ayı artıq gəlib. Bu müddət ərzində biz separatçılardan yalnız və yalnız isterika, yalnız hədə-qorxu görmüşük, təxribatları görürük. Rusiya sülhməramlıları da onlara bu işdə aktiv şəkildə kömək edir. Bu gedişlə nə də Naxçıvana yol açılmayacaq. Çünki Rusiya bu təxribatların miqyasını genişləndirir. Bu gün Müdafiə Nazirliyinin verdiyi məlumatı yəqin ki, görmüsünüz. 19 dəfə ayrı-ayrı vaxtlarda dünən axşamdan başlayaraq gecə yarısına qədər atəşkəs pozulub. Uzunmüddətli fortifikasiya avadanlıqları quraşdırırlar, yerlər hazırlayırlar. Yəni sabah Azərbaycan Ordusuna qarşı hansısa bir müqavimət göstərməklə bağlı həm fikirlər səsləndirirlər, həm də bu reallıqda həyata keçirilir. Ona görə mən hesab edirəm ki, biz bu məsələləri bir qədər sürətləndirməliyik. Paşinyan gündə bir söz deyir, Moskvaya gedib fikrini dəyişir. İndi iyunun 1-də Kişinyov görüşündən əvvəl yenə də böyük ehtimalla sülhə sadiq olduqlarını bəyan edəcək. Amma ayın birində görüşdə artıq bunu yaddan çıxaracaq və gələn həftələrdə Rusiyanın Baş naziri Mixail Mişustinlə görüşə Moskvaya gedəcək. Mən şəxsən Ermənistandan hər hansı bir real və praqmatik addım gözləmirəm. Çünki onlar ümumiyyətlə, reallıqla uzlaşmayan fikirlər səsləndirirlər. Bütün bunların olmaması üçün də, biz bir qədər təzyiqi artırmalıyıq. Yəni təzyiqi o mənada ki, qalib tərəf bizik. Bu günləri bizə şərtlər irəli sürürlər. Öz absurd fikirlərini səsləndirirlər. Niyə belə olmalıdır? Mənə şəxsən belə mənzərə xoş deyil. O mənada ki, uduzan tərəf Ermənistandır. 30 ilə yaxın torpaqlarımızın altını üstünə çevirib, üstünü altına çevirib. Hələ bu günə qədər də biz onlardan reparasiya, yəni ödəniş tələb etməmişik və etmirik. Niyə? Ermənistan etdiyi hərəkətə görə həm maddi, həm də hüquqi məsuliyyət daşımalıdır. Son vaxtlar ümumiyyətlə, heç Ermənistanın bizə təzminat ödəməsi ilə bağlı fikrini dilə gətirmirik. Niyə başa düşmürəm? Bu qədər ərazilərimizi viran qoyublar. 30 il ərzində meşələrimizi, yeraltı-yerüstü sərvətlərimizi talayıblar. Ona görə Azərbaycan bir qədər arxayın olmamalıdır".

Ü.Cəfərov bəzi məsələlərdə narahatçılığını da ifadə etdi.

"Ruben Vardanyan hələ də axtarışa verilməyib. Çox istərdim ki, Azərbaycan Baş Prokurorluğu onunla bağlı bir mövqe sərgiləsin. Hələ bu günə qədər Azərbaycan mətbuatının son cümləsinə qədər təhlil edən bir şəxs kimi elə bir cümləyə rast gəlməmişəm ki, Ruben Vardanyan Azərbaycan tərəfindən axtarışdadır. Və yaxud da ki, Azərbaycan sərhədlərini qeyri-qanuni keçdiyinə görə cinayət işi qaldırılıb. İndi Vardanyan gəlib oturub evimizin içində bizə hədyanlar səsləndirir, separatçılara çağırış edir ki, ayağa qalxmaq lazımdır, müqavimət göstərmək lazımdır. Ona bu dəqiqə ən əsası, ən vacibi odur ki, aləm dəysin bir-birinə, aradan çıxsın. Yəni Qarabağdan çıxmaq, qaçmaq yollarını axtarır. Amma o yolu tapa bilmədiyinə görə çıxa bilmir. Baxın, bu cür çağırışlar edir. Biz isə bir az diri hərəkət eləməliyik. Həm diplomatik, həm hərbi istiqamətdə", - deyə polkovnik qeyd etdi.

Həmidə İBRAHİMLİ