"1975-ci ilin xəritəsində Azərbaycanın əleyhinə xeyli yanlışlıq var" - Polkovnik

 17:50 07.06.2023     1101

Xəbər verdiyimiz kimi, ötən həftə Ermənistanın Baş naziri Nikol Paşinyan Moldovanın erməni icması ilə görüşündə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünü şərh edərkən İrəvan və Bakının 1975-ci ilin sovet xəritələri əsasında delimitasiya aparmaq barədə ilkin razılığa gəldiklərini bildirib. Lakin daha sonra Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) bəyanat yayaraq Paşinyanı təkzib edib.

Bəs, Ermənistan niyə 1975-ci il xəritəsinə xüsusi istinad edilməsini təkid edir?

Məsələ ilə bağlı Redaktor.az-a danışan hərbi ekspert Üzeyir Cəfərov bildirdi ki, xəritə məsələsi Ermənistan tərəfindən bilərəkdən dövriyyəyə buraxılıb.

Onun sözlərinə görə, Azərbaycan ümumiyyətlə, Ermənistana o haqqı tanımamalıdır:

"Ermənistan kimdir ki, hansısa ilin xəritəsini Azərbaycana göstəriş verir? Əvvəla, komissiyalar bütün dövrlərin - 1918, 1920 və  1975-ci ilin, ümumiyyətlə SSRİ geodeziya komitəsinin xəritələri üzərində hər sm-lə, hər mm-lə bağlı müzakirə aparmalıdır. Niyə Ermənistan bu gün məhz 1975-ci ilin xəritəsinə müraciət edir? Bu xəritədə bəzi yanlışlıqlar var və o, Azərbaycanın xeyrinə olmayan yanlışlıqdır. İndi bilmirəm konkret hansı xəritədən söhbət gedir. Sadəcə olaraq, artıq  1975-ci ilin xəritəsində Moskvada ruslar və ermənilər Azərbaycan əraziləri ilə bağlı müəyyən planlar cızmışdılar. Necə ki, 1988-ci ildə bu, Qarabağ məsələsinə başladılar. Artıq 70-ci ildə, 10 il qabaq Moskvada bəzi planlar cızılırdı və o planlarda da Azərbaycanın xeyrinə olmayan xeyli məqsədyönlü şəkildə məsələlər var idi. Paşinyan bu gün elə belə demir ki? Paşinyan əgər narahat deyilsə, desin ki, bütün xəritələr komissiya qarşısında qoyulsun və həmin xəritələrə əsasən müzakirələr aparsın. Məsələn, 20-ci ildə A yaşayış məntəqəsi var idi, 34-cü ildə tutaq ki, B yaşayış məntəqəsi peyda olub. Nədən? Hardan? Niyə SSRİ belə qərar verib? Və yaxud da ki, Azərbaycan niyə müəyyən əraziləri Ermənistana güzəştə gedib?"

Ekspertin fikrincə, Paşinyan bu günlərdə 1975-ci ilin xəritəsini öz ağlı ilə deyil, məhz Rusiyanın təklifi əsasında irəli sürür:

"Məqsəd də odur ki, o dövrdə SSRİ Müdafiə Nazirliyində xeyli rəhbər vəzifədə olan ermənilər ruslarla artıq Zaqafqaziya, Qafqazla bağlı bəzi planlar cızmışdılar və  o planları bu gün 2023-cü ildə Ermənistan öz bildiyi şəkildə reallaşdırmaq istəyir. O da istəyir Azərbaycan desin ki, bizim üçün fərqi yoxdur. İndi bəzi politoloqlar, deputatlar tutublar, deyirlər bizim üçün nə var, hansı xəritə olur olsun. Bizim üçün bütün xəritələr vacibdir. Bütün dövrlər vacibdir. Ona görə mən hesab edirəm ki, Paşinyan bu gün o xəritə söhbətini məqsədyönlü şəkildə dövrəyəyə buraxıb. Danışıqlar prosesini pozmaq, tərəflər arasında müəyyən razılığın əldə olunmaması üçün bu 75-ci ilin xəritələri haqqında danışılıb. Mən hesab edirəm ki, Azərbaycan diqqətli olmalıdır. Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev bu məsələdə son dərəcə həm diqqətli olmalı, həm də ki, ruslardan və  Ermənistandan Azərbaycanın bu müharibənin qalibi olması faktının önə çıxarılmasına nail olmalıdır. Yəni biz bu məsələnin qalibiyik. Paşinyanın və Rusiyanın məqsədi odur ki, Azərbaycan müəyyən bəlli bir məqamda desin ki, yox, bu məsələnin bu şəkildə müzakirəsinə razı deyilik və proses yenə getsin uzun illər dalana dirənsin. Məqsəd rus-erməni bicliyindən və hiyləgərliyindən  istifadə edib Azərbaycanı fakt qarşısında qoymaq və anklav  məsələsində də bizi az qala günahkar çıxarmaqdır. Məsələnin kökündə dayanan əsas amillərdən biri, bəlkə də birincisi budur".

Həmidə İBRAHİMLİ