"Qarabağda anti-terror əməliyyatının keçirilməsi gündəmdədir" - Polkovnikdən AÇIQLAMA

 12:28 17.06.2023     1748

Son günlər Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Ordumuzun mövqeləri müxtəlif istiqamətlərdə fasilələrlə atəşə tutulur.

Eyni zamanda qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd təsərrüfatı işləri adı altında Ordumuzun Ağdam, Füzuli, Xocalı, Xocavənd və Şuşa rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstərirlər. Təbii ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılır.

Bəs, ermənilərin fortifikasiya qurğularını quraşdırmaqda məqsədləri nədir?

Məsələ ilə bağlı Redaktor.az-a danışan hərbi ekspert, polkovnik Şair Ramaldanov bildirdi ki, prinsip cəhətdən ermənilərin atdığı addımlar və Qarabağ iqtisadi zonasındakı bütün işlər məhz  Azərbaycanın əleyhinə aparılan işlərdir.

Onun sözlərinə görə, ermənilər bu formada özlərinin mövcudluğunu orada təsdiqləmək istəyirlər:

"Mən deyərdim ki, bu gedişlə baxanda orada Rusiyanın sülhməramlı qüvvələrinin yerləşdiyi postlarının sayı və yerləşdiyi yerlər razılaşdırılsa da, onlardan daha çox separatçıların və qanunsuz erməni silahlılarının mövqeləri var. Təbii ki, silahlılar olan yerdə mövqelərdə həmişə hansısa işlər aparılır, çünki onlar müdafiə xarakterli postlardır, postlarda müəyyən fortifikasiya işləri getdikcə genişlənir, hansısa işlər aparılır və s. Təbii ki, fortifikasiya işlərinin aparılmasının himayədəri birinci növbədə Rusiyanın sülhməramlı qüvvələridir. Bu gün bizim Rusiya sülhməramlı qüvvələrinə suallarımız çoxdur. Sülhməramlı missiyası yerləşdiyi halda, onların postlarının yerləri və tərkibi razılaşdırdığı halda, razılaşdırılmamış şəkildə qanunsuz erməni birləşmələrinin və yaxud bölmələrinin orada post yaradılması və o işlərin aparılması necə olur? Hamısı ermənilərə, o cümlədən, separatçılara aydındır ki, əgər Rusiya sülhməramlı qüvvələri orada olmasa, ermənilərin, qanunsuz silahlıların mövqeyi olmayacaq və biz o mövqeləri darmadağın, tərksilah edəcəyik. Onlara himayədarlıq göstərən təbii ki, Rusiyanın sülhməramlı qüvvələridir. Separatçılar bilirlər ki, gedən proseslər, sülh müqaviləsi ilə bağlı olan danışıqların intensivliyi və s. bu yol prinsip cəhətdən sülh danışıqlarına gec-tez gətirib çıxardan, sülh müqaviləsi ilə nəticələnən bir yoldur. Və buna bu gün Azərbaycanın müdrik yanaşması və güclü diplomatiyası, beynəlxalq arenada gündən-günə artan nüfuzu erməniləri demək olar ki, sülh müqaviləsi ilə manipulyasiya etməyə imkan vermir".

Polkovnik onu da qeyd etdi ki, ermənilərin getdikcə imkanları daralır və bu da gəlib sülh müqaviləsinə çıxardacaq:

"Düzdür, bu, onların istəyi ilə yox, bəlkə də Azərbaycanın uğurlu diplomatiyası ilə, onları sülhə qol çəkməyə məcbur etməsi ilə nəticələnəcək. Ona görə də separatçılar bilirlər ki, orada qalmayacaqlar. Və inteqrasiya məsələləri artıq demək olar ki, start hal almaqdadır. Belə olduğu halda, müəyyən bir şəkildə bu proseslərə mane olan yenə də Rusiyadır. Rusiya Qarabağ iqtisadi zonasında qalmasının zamanını uzatmaq marağındadır və bunun üçün də onlara ancaq vəziyyəti gərgin şəkildə saxlamaq lazımdır. Ona görə indi bu saat həm separatçılar, həm də qanunsuz silahlılar aktivləşirlər. Həm atəşkəsi pozmaqla, həm yeni mövqeləri gücləndirməklə onlar birinci növbədə, əlbəttə, Azərbaycanın müəyyən bir şəkildə əsəbləri ilə oynayırlar. İstəyirlər ki, Azərbaycan hansısa bir qəti addım atsın və bu fonda bütün dünyaya elan etsinlər ki, Azərbaycan etnik təmizləməyə başlayıb və silahlı basqın eləyib. Təbii ki, belə olduğu halda vəziyyət hansı şəkildə cərəyan edəcək, çox da düşünmək lazım deyil. Ona görə də mən düşünürəm ki, Azərbaycan ordusu əməliyyat şəraitini həmişə olduğu kimi nəzarət altında saxlayıb, saxlayır və bundan sonra da saxlayacaq, ermənilərə, qanunsuz silahlılara hansısa sərbəst hərəkət etməyə, fotifikasiya işlərinin aparılmasına imkan verməyəcək".

Şair Ramaldanovun fikrincə, bu gün demək olar ki, prinsip cəhətdən anti-terror əməliyyatı bizim hamımızın qulağındadır:

"Necə ki, əvvəl torpaqlarımızın azad edilməsi haqqında əks-hücum əməliyyatı barəsində düşünürdük. Cəmiyyətdə də bu, prinsip cəhətdən demək olar ki, daim müzakirə olunurdu. Bu gün də anti-terror əməliyyatı müzakirə olunur və mən düşünürəm ki, bu müzakirənin yeri var. Anti-terror əməliyyatının keçirilməsi demək olar ki, gündəmdədir. Sadəcə, məqamı çatanda və hələ ki, danışıqlarda bu resurs istənmir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Azərbaycan Prezidenti cənab İlham Əliyevin dediyi kimi, “Mən bilirəm nə zaman, nəyi necə etmək lazımdır”. Mən düşünürəm ki, həmin o zaman gəldikdə, Azərbaycan Ordusu Ali Baş Komandanın hər hansı bir əmrini yerinə yetirərək orada həm mövqeləri darmadağın edəcək, həm silahlıları tərksilah edəcək, qanunsuz silahlıları separatçılarla bir yerdə Azərbaycan torpaqlarından qovacaq. Ona görə də Azərbaycan ordusu buna hazırdır. Sadəcə, məqamı çatanda bu əməliyyata başlaya bilər. Belə prinsip cəhətdən bu işlərə cəhd göstəriləcək. Atəşkəs dəfələrlə pozulacaq və bunun da qarşısını alaraq Azərbaycan ordusu adekvat cavablar verəcək. Düzdür, anti-terror əməliyyatının elementlərini yerinə keçiririk. Nə mənada? Yəni adekvat cavab bu da anti-terror əməliyyatının elementi sayılır. Çünki terrorçular, yəni qanunsuz silahlılar bütün dünyada terrorçu kimi adlanır və təbii ki, onların hər hansı bir hərəkətinə Azərbaycan adekvat cavab verir. Bu da anti-terror əməliyyatının elementlərindən sayıla bilər. Ancaq genişmiqyaslı hansısa əməliyyat aparılmasınına Azərbaycan ordusu qadirdir və hazırdır. Əmr olanda biz də onun nəticəsini də görəcəyik", - deyə polkovnik bildirdi.

Həmidə İBRAHİMLİ