"Sərhəddə baş verənlərin hamısı Moskvanın əməlidir" - Polkovnik

 13:32 16.06.2023     924

Xəbər verdiyimiz kimi, iyunun 15-də Ermənistan silahlı qüvvələri Laçın yolundakı Azərbaycanın sərhəd-buraxılış məntəqəsini atəşə tutublar. Nəticədə Ermənistan Respublikası ərazisindən açılmış atəş nəticəsində Laçın dövlət sərhədindən buraxılış məntəqəsində xidmət aparan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu yaralanıb. Bundan sonra hərbçimizi yaralamış Ermənistan ordusunun iki snayperi cavab tədbirləri nəticəsində zərərsizləşdirilib. 

Eyni zamanda, "Laçın" sərhəd-buraxılış məntəqəsində avtomobillərin keçidi tam dayandırılıb.

Baş verənlərlə bağlı hərtərəfli təhqiqat aparılmayınca, yaxud Ermənistan təxribata görə bütün məsuliyyəti öz üzərinə götürməyənə qədər keçidin açılmayacağı bildirilir.

Bəs, ermənilərin şərti sərhəddə belə bir təxribatı törətməkdə məqsədi nədir?

“Laçın” sərhəd-buraxılış məntəqəsinin bağlı saxlanılması Qarabağdakı ermənilərin Azərbaycan qanunlarına tabe olmalarına gətirib çıxara bilərmi?

Məsələ ilə bağlı Redaktor.az-a danışan hərbi ekspert, polkovnik Üzeyir Cəfərov bildirdi ki, Azərbaycan Dövlət Sərhəd Xidməti məcburiyyət qarşısında qalaraq “Laçın” sərhəd-buraxılış məntəqəsini müvəqqəti bağlayıb.

“Sərhəd-buraxılış məntəqəsi açılacaq. Biz onu açmamışıq ki, bağlı qalsın. Sadəcə gizirimiz Elşən Rüstəmova açılanan atəşə görə Dövlət Sərhəd Xidməti ermənilərdən bu cinayəti törədən şəxsin tapılıb məsuliyyətə cəlb edilməsi tələbi ilə müvəqqəti olaraq sərhəd-buraxılış məntəqəsini bağlayıb” - deyən ekspert düşünmür ki, bütün bunlar Qarabağ ermənilərinin Azərbaycan qanunlarına tabe olmasına gətirib çıxardar:

“Çünki bu gün orada olan ermənilər separatçıların güclü basqısı altındadır. Nə Moskva, nə İrəvan, nə də orada olan Ruben Vardanyan, Araik Arutyunyanlar imkan verməyəcəklər ki, həmin sadə ermənilər, yəni Azərbaycan doğumlular Dağlıq Qarabağda Azərbaycan vətəndaşı kimi Azərbaycan dövlətinin çətiri altına keçsin. İndi də prinsip etibarı ilə vəziyyəti bir az da gərginləşdirmək üçün maksimum çalışacaqlar. Bu gün səhər saatlarında yenə yeni xəbər var idi. Yenə də Rusiya sülhməramlılarının nəzarəti altında olan mövqelərdən Şuşa atəşə tutulub, yenə Gədəbəy istiqamətində atəşkəs pozulub, bizə atəş açıblar, Naxçıvanda yenə Sədərəkdə Heydərabad yaşayış məntəqəsinə atəş açılıb və sair. Bunlar hamısı məqsədyönlü şəkildə edilir ki, tərəflər arasında soyuq münasibət olsun, bir araya gəlməsinlər, Moskvadan kənar hansısa bir razılaşma ilə bağlı müzakirələr aparılmasınlar”.

Üzeyir Cəfərov əlavə etdi ki, baş verənlərin hamısı Moskvanın əməlidir.

“Moskvanın məqsədi odur ki, tərəflər arasında danışıqlar prosesi pozulsun. Ermənistanın özünə qalsaydı, Ermənistan bəlkə də çoxdan qərarını vermişdi. Amma Ermənistana Moskva imkan vermir və ona görə də biz tez-tez bu atəşkəs rejiminin pozulması isə bağlı, yaralananlarla, bəzən şəhidlərlə bağlı, bəzən mina partlayışları ilə bağlı xəbərləri eşidirik”,-deyə polkovnik bildirdi.

Arzu İSMAYIL