Generallar toplaşdı - Nazir düşmən təxribatları ilə bağlı göstəriş verdi

 14:56 16.06.2023     578

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusuna Ermənistanın istənilən təxribatının qarşısının qətiyyətlə alınmasına hər an hazır olması barədə göstərişlər verib.

Redaktor.az xəbər verir ki, bu barədə Z.Həsənov iyunun 16-da Müdafiə Nazirliyində keçirilən kollegiya iclasında bildirib.

Toplantıda Azərbaycan-Ermənistan şərti sərhədi və Qarabağ iqtisadi rayonunda mövcud əməliyyat şəraiti təhlil edilib.

General-polkovnik Z.Həsənov Ermənistan silahlı qüvvələri və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən mövqelərimizin intensiv atəşə tutulmasının, habelə Qarabağ iqtisadi rayonu ərazisində qeyri-qanuni hərbi daşımaların və uzunmüddətli fortifikasiya qurğularının quraşdırılması cəhdlərinin qarşısının alınması məqsədilə bölmələrimiz tərəfindən bundan sonra da zəruri cavab tədbirlərinin görülməsi, qarşı tərəfin fəaliyyətinin daim müşahidə edilməsi və istənilən təxribatının qarşısının qətiyyətlə alınmasına hər an hazır olması barədə göstərişlər verib.