Daha bir hərbçimiz intihar etdi

 17:06 19.06.2023     1123

Azərbaycan Ordusunun əsgəri odlu silahdan atəş açaraq özünü öldürüb.

Bu barədə Redaktor.az-a Hərbi Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, baş əsgər Əzizov Fərid Əbülfəz oğlunun odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Füzuli hərbi prokurorluğuna məlumat daxil olmuşdur.

Daxil olmuş məlumat əsasında Füzuli hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş, izahatlar alınmış və digər hərəkətlər icra edilmişdir.

Fakt üzrə Füzuli hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilmiş, müvafiq ekspertizalar təyin edilmiş və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilmişdir.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır.

Xatırladaq ki, son 7 gündə bu artıq 3-cü hərbçi intiharıdır. Bundan əvvəl iyunun 10-da və 17-də DSX-nın "N" saylı hərbi hissəsinin hərbi qulluqçusu, kiçik gizir Əhmədov Rahil Rahib oğlu və baş çavuş Hacıyev Pərviz Azər oğlu odlu silahdan atəş açmaqla özünü öldürüb.