Rusiya MN Qarabağda atəşkəsin pozulması barədə məlumat yaydı

 20:48 23.06.2023     974

"Rusiya sülhməramlıları Dağlıq Qarabağın Mardakert (Ağdərə - red.) rayonunda atəşkəs rejiminin iki dəfə pozulması faktını qeydə alıblar".

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin fəaliyyəti ilə bağlı bu gün dərc olunan məlumat bülletenində deyilir.

"Mardakert rayonu ərazisində atəşkəs rejiminin iki dəfə pozulması faktı qeydə alınıb. İtki yoxdur. Rusiya sülhməramlı kontingentinin komandanlığı Azərbaycan və Ermənistan tərəfləri ilə birlikdə bu faktlarla bağlı araşdırma aparır", - Rusiya Müdafiə Nazirliyi qeyd edib.

Qeyd edək ki, Rusiya MN-in məlumatında atəşkəsin hansı tərəfdən pozulduğu bildirilməyib.

Onu da əlavə edək ki, Azərbaycan Müdafiə Nazirliyi dəfələrlə Rusiya tərəfinə "Dağlıq Qarabağ", "Mardaket" kimi toponimlərdən istifadənin yanlış olduğu barədə xəbərdarlıq etməsinə baxmayaraq, göründüyü kimi ruslar təxribatlarından əl çəkmirlər.

Turan İSMAYIL