Bayrağımızı təhqir edən rusa heç bir halda güzəşt göstərilməyəcək - Polkovnik

 15:43 07.07.2023     2145

“Görüntülərlə bağlı əgər ciddi bir şey olsaydı, Dövlət Sərhəd Xidməti məlumat yayardı”.

Bu sözləri Rusiya sülməramlılarının Azərbaycan bayrağını yerə atması görüntüləri ilə bağlı Redaktor.az-a danışan hərbi ekspert, polkovnik Üzeyir Cəfərov söylədi.

Ekspert bildirdi ki, ermənilər məqsədyönlü şəkildə bu məlumatı ictimailəşdirirlər:

“Yəni ermənilər də, ruslar da zaman-zaman təxribatlar həyata keçiriblər və indi də onların bəzi hərəkətləri məqsədyönlü xarakter daşıyır. Ona görə də baş vermiş insidentlə əlaqədar daha düzgün məlumatı yerində olan Azərbaycan rəsmiləri bilirlər. Bəlkə də bizim hərbi qulluqçuların diqqətindən yayınmış bir hadisədir. Bunu yüz faiz demirəm, amma ola bilər ki, diqqətlərindən yayınıb. İstənilən halda görüntülər ictimailəşib və Azərbaycan tərəfi də yəqin ki, məsələ ilə bağlı müəyyən münasibətini açıqlayacaq. Rus haranın tulasıdır ki, Azərbaycan bayrağını ayaqlar altına atsın və yaxud da ki, Azərbaycanın orada qoyduğu bayraq dirəyini sındırsın. Azərbaycan Dövlət Sərhəd Xidməti də, bu görüntülərlə bağlı Rusiya tərəfindən həm izahat istəyəcək, həm də Rusiya tərəfi münasibət bildirməlidir. Əlbəttə ki, onlar özbaşına deyirlər. Nə olur-olsun rusa heç bir halda hər hansı bir güzəşt və yaxud yumşaq münasibət göstərilə bilməz və göstərilməyəcək”.

Qeyd edək ki, erməni-rus mənbələri bu il iyunun 15-də Həkəri çayı üzərindəki körpüdə Azərbaycan bayrağının quraşdırılması zamanı baş verən insidentin daha geniş görüntülərini yayıblar.

Görüntülərdən Azərbaycan bayrağı birinci dəfə qaldırılandan sonra onun rusiyalı hərbçi tərəfindən çıxarılıb yerə atıldığı aydın olur.

Rus sülməramlısının Azərbaycana bayrağına qarşı hörmətsizliyi sosial şəbəkələrdə etirazla qarşılanıb.

Humay İSGƏNDƏRLİ