XTQ-nin şəhid hərbi qulluqçularının ailə üzvləri ilə görüş keçirildi

 13:37 08.07.2023     307

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) şəhid hərbi qulluqçularının ailə üzvləri ilə görüş keçirilib.

Bu barədə Redaktor.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Ulu Öndər Heydər Əliyevin və respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni ifa olunub.

Müdafiə Nazirliyi rəhbərliyinin səmimi salamlarını görüş iştirakçılarına çatdıran polkovnik Abdulla Qurbani 24 il öncə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılan və bu illər ərzində mütəşəkkil qüvvəyə çevirilən XTQ-nin keçdiyi şanlı döyüş yolundan, onun əsgər və zabitlərinin göstərdiyi şücaət və igidliklərdən, beynəlxalq təlimlərdəki uğurlarından söhbət açıb.

Qeyd olunub ki, Azərbaycan tarixinin şanlı səhifəsi olan İkinci Qarabağ müharibəsində - Vətən müharibəsində möhtəşəm Zəfərin qazanılmasında XTQ-nin müstəsna rolu olub. Onlar Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müharibənin ilk günündən əsl igidlik, şücaət nümunələri göstərərək bir çox yaşayış məntəqələrini işğaldan azad edib, qoşunlarımızın irəliləməsinə şərait yaradıb, düşmən hədəflərini təyin edərək ona sarsıdıcı və dağıdıcı zərbələr vurulmasına zəmin yaradıb, Şuşaya ilk daxil olaraq Ermənistan ordusunu şəhərin mərkəzindən sıxışdıran qruplarının sayəsində bir çox taktiki qələbələrə nail olub.

Müzəffər Ali Baş Komandanın dəfələrlə qeyd etdiyi kimi, Müdafiə Nazirliyinin xüsusi təyinatlıları işğal edilmiş ərazilərin azad edilməsi üzrə ən vacib əməliyyatların, xüsusilə Şuşa əməliyyatının həyata keçirilməsində həlledici rol oynamışdır. Bizim xüsusi təyinatlılar fədakarcasına döyüşürdülər. Bir çox əməliyyatlarda ölümə gedərkən onlar həm peşəkarlıq, həm də fədakarlıq nümayiş etdirirdilər.

Prezident İlham Əliyevin “Neçə gün yorulmadan, əlində yüngül silahlarla o dərələrdən, meşələrdən keçərək Şuşaya yaxınlaşdı bizim igidlərimiz. Yol boyunca bir çox kəndləri azad etdi, qan tökdü, şəhidlər verdi, amma dayanmadı, irəliyə getdi” söylədiyi fikirlər şəhid ailələri tərəfindən alqışlarla qarşılanıb.

Vətən Müharibəsi Qəhrəmanı general-mayor Zaur Zeynalov XTQ komandanlığı adından görüş iştirakçılarını salamlayıb, Vətən üçün layiqli övladlar tərbiyə etdiklərinə görə şəhid valideynlərinə minnətdarlıq edib, onların ailə üzvlərinə səmimi arzularını çatdırıb.

General-mayor iştirakçısı olduğu döyüşlərdə şəhidlik zirvəsinə ucalan, müharibədə sağlamlığını itirən xüsusi təyinatlıların əfsanəvi qəhrəmanlıqlarından, hər bir gənc üçün örnək olan mənəvi və iradi keyfiyyətlərindən danışıb, onların heç vaxt unudulmayacağına əminliyini bildirib.

Şəhid ailələrinə göstərilən dövlət qayğısının davamlı olduğunu nəzərə çatdıran general-mayor Z.Zeynalov Müdafiə Nazirliyinin rəhbərliyi və XTQ-nin komandanlığının bu istiqamətdə ardıcıl olaraq fəaliyyətlər göstərdiyini, hələ də mövcud bəzi məsələlərin araşdırıldığını, tədbirlər görüldüyünü görüş iştirakçılarının nəzərinə çatdırıb.

Vurğulanıb ki, şəhid ailələrinin problemlərinin həlli, onların ailə üzvlərinin daha firavan yaşaması, övladlarının xoşbəxt gələcəyi naminə məqsədyönlü tədbirlər həyata keçirilir. Mütəmadi olaraq şəhid ailələrinin qayğıları ilə bağlı aidiyyəti üzrə müraciətlər edilir, bu işin müsbət həlli üçün təşəbbüslər irəli sürülür. Bundan sonra da şəhid ailələri daim diqqətdə saxlanılacaq və onlar heç vaxt unudulmayacaqlar.

Bakı Bələdiyyə Teatrı aktyorlarının nümayiş etdirdikləri Abdulla Qurbaninin “Ruhumuzun bayraqdarı şəhidlər” adlı ədəbi-musiqili kompozisiya görüş iştirakçılarına həm duyğulu, həm də qürurverici anlar yaşadıb. Xalqımızın birliyini, həmrəyliyini, dövlətimizin iqtisadi gücünü, ordumuzun əsgər və zabitlərinin şücaətini, şəhid ailələrinin səbr və dözümünü, dəyanətini, qürurunu, dövlət-xalq-ordu birliyi sayəsində əldə etdiyimiz möhtəşəm Zəfəri, eləcə də, Müzəffər Ali Baş Komandanın sərkərdə məharətini, dəmir yumruğunun gücünü əks etdirən tamaşa böyük maraqla izlənilib.
Görüş iştirakçılarından şəhid Mehrab Niftəliyevin anası Xalidə xanım və şəhid Əliqismət Yaqublunun atası Mükafat müəllim çıxış edərək təşkilatçılara minnətdarlıq edib, aktyorlara yaradıcılıq uğurları arzulayıb və bu kimi tədbirlərin şəhid ailələrinə mənəvi rahatlıq verdiyini dilə gətiriblər.

Bakı Bələdiyyə Teatrının kollektivi Azərbaycan Ordusunun şəxsi heyətinə, eləcə də şəhid ailələrinə mədəni xidmət göstərilməsində fəaliyyətinə görə Müdafiə Nazirliyi və XTQ komandanlığı tərəfindən mükafatlandırılıb.

Tədbirdə iştirak edən 60-dan çox şəhid övladına Müdafiə Nazirliyinin rəhbərliyi adından hədiyyələr təqdim olunub.
Sonra şəhidlərin ailə üzvləri dinlənilib, onların qaldırdıqları problemlərin, məsələlərin tezliklə aradan qaldırılması üçün tədbirlər görüləcəyi bildirilib.

XTQ Qadınlar Şurasının sədri Sevda Mirzəyeva şəhid anaları və onların həyat yoldaşları ilə səmimi söhbət edib, problem və qayğıları ilə maraqlanıb, bundan sonra da şəhid ailələri ilə səmərəli iş aparılacağını deyib.

Respublikanın müxtəlif bölgələrindən gəlmiş XTQ şəhidlərinin ailə üzvləri görüşdən xoş təəssüratlarla və ümidlərlə ayrılıblar.

XTQ-nin şəhid hərbi qulluqçularının ailə üzvləri ilə görüş keçirilib

XTQ-nin şəhid hərbi qulluqçularının ailə üzvləri ilə görüş keçirilib