Səfərbərlik və hərbi xidmətə çağırış işində qüsurların aradan qaldırılması üçün ciddi tədbirlər görülür
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun tarixi Qələbəsi ilə başa çatan Vətən müharibəsindən sonra Silahlı Qüvvələrimizin ən müasir tələblər səviyyəsində qısa müddətdə yenidən təşkili, hər cür döyüş əməliyyatlarını yüksək peşəkarlıqla aparmağa qadir yeni hərbi birləşmələrin yaradılması başlıca vəzifə kimi müəyyənləşdirilib. Dövlətimizin başçısı çıxışlarının birində bu vəzifənin əhəmiyyətini vurğulayaraq bildirib: "Ordumuzun daha da gücləndirilməsi vəzifəsi bir nömrəli vəzifə olaraq qalır. Buna nail olmaq üçün təbii ki, kompleks tədbirlər görülür". Məhz Ali Baş Komandanın bilavasitə diqqət və qayğısı sayəsində qısa müddətdə bu istiqamətdə görülən işlər, aparılan islahatlar, yeni hərbi hissə və qoşun birləşmələrinin yaradılması mühüm strateji hədəfə - Azərbaycan Ordusunun peşəkarlığının artırılmasına nail olunmasını təmin etdi. Bu istiqamətdə işlər fasiləsiz davam etdirilir.
Səfərbərlik və hərbi xidmətə çağırış işində yol verilən qüsurlar
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün Silahlı Qüvvələrimiz vahid proqram əsasında inkişaf etdirilir. Təbii ki, bu da ordumuzun müasirləşdirilməsi işinə məsul olan bütün qurumların öz vəzifələrini yüksək dəqiqliklə və qüsursuz icra etməsini şərtləndirir. Çox təəssüf ki, sürətlə və uğurla həyata keçirilən ordu quruculuğunda mühüm yer tutan səfərbərlik və hərbi xidmətə çağırış işinin lazımi tələblərə cavab vermədiyi, bu sahədə ciddi problemlərin olduğu aşkarlandı. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin fəaliyyətinin strateji əhəmiyyəti və bu sahənin spesifikası nəzərə alınaraq işin yeni dövrün çağırışlarına uyğun qurulmasında, fəaliyyətdə operativliyin və şəffaflığın təmin edilməsində, məmur-vətəndaş təmasının minimuma endirilməsi üçün göstərilən xidmətlərin elektronlaşdırılması, eləcə də aidiyyəti dövlət qurumları arasında məlumat bazalarının inteqrasiyasında aşkarlanan nöqsanlar bu sahədə fəaliyyətdə ciddi qüsurların olduğunu ortaya qoydu. Xidmətin fəaliyyətində üzə çıxarılan əsas problemləri bir neçə vacib istiqamətdə ümumiləşdirmək mümkündür. Belə ki, müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı korrupsiya hallarının olması, çağırışçıların hərbi xidmətə yararlılığının düzgün müəyyən edilməməsi, onların hərbi hissələrə plan üzrə şəffaf yerləşdirilməsində neqativ hallar, o cümlədən bu məsələdə çağırışçılarla səlahiyyətli qurumların nümayəndələrinin qarşılıqlı sövdələşməsi, ali təhsilin davam etdirilməsi adı ilə çağırışdan yayınma faktları ilə yanaşı, Xidmətin Vahid elektron informasiya sisteminin tam funksionallığının təmin edilməməsi, aidiyyəti qurumlarla inteqrasiya məsələlərinin həll olunmaması və elektron sənəd dövriyyəsinin tam həcmdə tətbiq edilməməsi bu sahədə aşkarlanan ciddi problemlərdəndir. Bundan başqa, səfərbərlik və hərbi xidmətə çağırışla bağlı normativ hüquqi bazada mövcud olan boşluq və çatışmazlıqları da bu sahədə ciddi problemlərin yaranmasının əsas səbəbləri arasında göstərə bilərik.
Problemlərin aradan qaldırılmasına və şəffaf fəaliyyətin təmin olunmasına yönələn addımlar
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin fəaliyyətində müsbət dönüşün yaradılması, müasir dövrün tələblərinə və yeni çağırışlara şəffaflıq, səmərəlilik və ədalət prinsipi əsasında cavab verən islahatların həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 aprel tarixli Sərəncamı ilə Dövlət Xidmətinə yeni rəhbərlik təyin edilib. Yeni rəhbərlik qarşısında qurumun fəaliyyətində aşkarlanmış nöqsan və problemlərin tezliklə aradan qaldırılması, ciddi qanun pozuntularına yol vermiş şəxslərin dərhal müəyyənləşdirilməsi və qanun qarşısında cavab verməsi, qurumun son dərəcə mühüm və strateji fəaliyyətinin tələb olunan səviyyəyə çatdırılması kimi ciddi hədəflər müəyyənləşdirilib. Son günlər hüquq-mühafizə orqanlarının bu sahədə ətraflı araşdırmalar aparması, xidməti fəaliyyətdə ciddi qanun pozuntularına yol vermiş şəxslərin saxlanılması məhz yeni rəhbərliyin təşəbbüsü ilə həyata keçirilir. Ən əhəmiyyətlisi odur ki, atılan addımlar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şəffaf fəaliyyətinin təmin olunmasına xidmət edir.
Dövlət Xidmətinin fəaliyyətinin monitorinqi zamanı aşkarlanmış ciddi pozuntuların və yuxarıda ümumiləşdirilmiş neqativ halların aradan qaldırılması üçün kompleks tədbirlər həyata keçirilməlidir. Bu xüsusda səfərbərlik və hərbi xidmətə çağırış işində yeni və gələcəyə yönəlmiş strateji baxış və ya konsepsiya formalaşdırılmalı, fəaliyyətin elektronlaşdırılması prioritet istiqamət kimi müəyyən olunmalıdır. Vacib önəmə malik məsələlərdən biri də aparılacaq islahatlarda vətəndaş dəstəyinin vacibliyinin ön plana çıxarılmasıdır. Belə ki, hər bir vətəndaş yuxarıda qeyd olunan neqativ hallardan çəkinməli, qanunazidd əməllərin hüquqi məsuliyyət yaratdığını dərk etməlidir.
Bu sahədə vacib məsələlərdən biri də odur ki, nəzərdə tutulan tədbirlərin, eləcə də görülən işlərin geniş ictimaiyyətə çatdırılması məqsədilə qurumun sosial media hesablarından geniş istifadə olunmalı, media ilə səmərəli işgüzar əməkdaşlıq münasibətləri qurulmalı, maarifləndirmə və təbliğat-təşviqat işləri gücləndirilməlidir.
Səfərbərlik və hərbi xidmətə çağırış işinin mühüm istiqamətlərindən biri də bu sahədə fəaliyyətin hələ orta ümumtəhsil məktəblərində əsaslı və səmərəli şəkildə həyata keçirilməsidir. Məhz bu baxımdan çağırışaqədərki hazırlıq işi də diqqətdə saxlanılmalı, yeniyetmə və gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinə geniş diqqət ayrılmalıdır.
Prezident, Müzəffər Ali Başa Komandan İlham Əliyevin Silahlı Qüvvələr Günü münasibətilə hərbçilərlə görüşündə “Əminəm ki, yaxın gələcəkdə bizim Ordumuz yeni, yüksək səviyyəyə qalxacaqdır" ifadəsi bu sahədə fəaliyyət göstərən aidiyyəti qurumlar qarşısında ciddi vəzifələr qoyub. Ordu quruculuğunun ilk mərhələlərindən olan səfərbərlik və hərbi xidmətə çağırış işinin də yüksək səviyyədə qurulması bu baxımdan böyük əhəmiyyət kəsb edir. Dövlət Xidmətinin Prezident İlham Əliyevin bu mühüm tapşırıqlarını əldə rəhbər tutaraq, qısa müddətdə həyata keçirdiyi əsaslı və təxirəsalınmaz tədbirlər bu sahədə işin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasının ilk addımları kimi dəyərləndirilməlidir.