"İsrail müdafiə nazirinin Azərbaycana səfərində önəmli razılaşmalar əldə olunub" - Polkovnik
"Azərbaycanla İsrail arasında son illər iqtisadi, siyasi, mədəni sahələrdə olduğu kimi, artıq hərbi sahədə də sıx əlaq mövcuddur. Bu əlaqələr günü-gündən genişlənir və artır".
Bunu Redaktor.az-a açıqlamasında hərb ekspert, polkovnik Üzeyir Cəfərov İsrailin müdafiə naziri Yoav Qallantın Azərbaycana səfərini şərh edərkən bildirdi.
"İsrailin müdafiə nazirinin həm tanışlıq səfəri idi, həm də müdafiə naziri Zakir Həsənov və Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevlə bəzi məsləhətləşmələri, müzakirələri oldu. Bildiyim qədər iki ölkə arasında həm hərbi sahədə əməkdaşlıq məsələləri müzakirə olunub, həm də bəzi niyyət protokolları, sənədləri imzalanıb. Ona görə önəmli bir səfər idi. Nəzərə alsaq ki, İsrail Azərbaycanı Cənubi Qafqazda özünün strateji tərəfdaşı sayır və Azərbaycana çox böyük önəm verir, 44 günlük müharibədə də İsrail istehsalı olan pilotsuz uçuş aparatları, o cümlədən digər avadanlıqlar bizim üçün çox mühüm əhəmiyyət kəsb etdi, bu dəfə də müəyyən razılıqlar əldə olunub. İndi rəsmilər hələ onları açıqlamadığına görə, həm də önəmli olduğuna görə açıqlanandan sonra biz o haqda danışa biləcəyik" - polkovnik dedi.
Ekspertin fikrincə, Qallantın səfəri demək olar ki, ötən il oktyabrda başlanılan təmasların bir növ yekunu kimi qəbul oluna bilər:
"Cənab Yoav Qallantın Azərbaycana səfəri qısa müddətdə olsa da, önəmli görüşlər keçirilib, önəmli razılaşmalar əldə olunub və regional məsələlər də müzakirə olunub”.
Humay İSGƏNDƏRLİ