"O təxribatı ermənilərlə ruslar bir yerdə həyata keçiriblər" - Polkovnik

 18:24 17.07.2023     1069

Bir neçə gün əvvəl Azərbaycan Müdafiə Nazirliyi Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan Respublikasının ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən ölkəmizin hava məkanından istifadə etməklə uçuşlar yerinə yetirən yerli və xarici aviaşirkətlərin sərnişin təyyarələrinin GPS peyk naviqasiya sistemlərinə qarşı radiomaneələr tətbiq olunması barədə məlumat yayıb.

Ermənilərin bu addımı ilə bağlı hərbi ekspert, polkovnik Üzeyir Cəfərov Redaktor.az-a danışdı.

Ekspert söylədi ki, qeyri-qanuni erməni silahlı birləşmələrində Azərbaycanın hava hücumundan müdafiə və hərbi hava qüvvələrinə qarşı maneə törədəcək avadanlıqlar yoxdur.

“O avadanlıqlar yalnız Rusiya sülhməramlı kontingentində var. Ona görə də hesab edirəm ki, Azərbaycan Müdafiə Nazirliyi ünvanını düz göstərməlidir. O təxribatı ermənilərlə ruslar bir yerdə həyata keçiriblər. Həyata keçirilməsini onunla əlaqələndirirəm ki, mülki təyyarənin sərnişinləri eniş və ya qalxma, yaxud da havada olduğu müddətdə dispetçerlə əlaqə mümkünsüz olsun. Nəticədə təyyarə faktiki dağlıq və yaxud da ki, hansısa nəzarət olunmayan bir əraziyə girib qəzaya uğrasın. Məhz, bu məqsədlə bu təxribat həyata keçirilir. Azərbaycan belə bəyanatlar verməkdənsə, yeni konkret addımlar atmalıdır. Açıq demək lazımdır, indiyə qədər o qədər bəyanatlar vermişik ki, bəyanatlar üzrə Azərbaycan artıq "rekordlar kitabı"na düşə bilər. Mən hesab edirəm ki, bu bəyanatlar kifayət qədər yorucu və bezdiricidir, konkret iş görmək lazımdır. Azərbaycan bayrağı Rusiya sülhməramlıları tərəfindən təhqir olunur, Azərbaycan rəsmilərinin səsi çıxmır, Xarici İşlər Nazirliyi bu məsələyə ümumiyyətlə münasibət bildirmir. Rusiya xarici işlər nazirinin rəsmisi keçirdiyi brifinqlərdə, hər hansı məsələlərlə bağlı fikir söyləmir. Hələ Azərbaycana ultimatum da səsləndirirlər ki, siz Laçın yolunu açmalısınız. Erməni, rus aydın məsələdir. Amma qalib bir dövlətin ordusu və rəsmiləri tərəfindən bu cür münasibətlər hesab edirəm ki, yolverilməzdir və sərt tələblər irəli sürməliyik. Azərbaycan ərazisində qeyri qanuni silahlı birləşmələr çoxdan çıxarılmalı idi. Azərbaycana ağıl və ya yol göstərmək istəyən Rusiya və Ermənistan tərəfi bu məsələləri həll etməlidir", - deyə Ü.Cəfərov vurğuladı.

Humay İSGƏNDƏRLİ