"Biz erməninin nazı ilə oynayası deyilik" - Polkovnik
Bildiyimiz kimi, Rəsmi Bakı Qarabağdakı ermənilərə humanitar yardım aparılması üçün Ağdam-Xankəndi yolunu təklif edib. Ancaq onlar bu yolla humanitar yardım aparılmasını istəmirlər. Etiraz olaraq həmin yolda aksiyalar belə keçirirlər. Xankədidə guya humanitar böhran yarandığını iddia edən ermənilər yalnız Azərbaycanın Ermənistanla sərhədindəki "Laçın" sərhəd-buraxılış məntəqəsindən keçid istəyirlər.
Qeyd edək ki, Vətən müharibəsindən sonra Azərbaycanın Qarabağ bölgəsinə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin təminatı da Laçın yolu ilə həyata keçirilir.
Maraqlıdır, sülhməramlıların da təminatı Ağdam-Xankəndi yolu ilə aparıla bilərmi?
Mövzu ilə bağlı Redaktor.az-a danışan hərbi ekspert, polkovnik Üzeyir Cəfərov hesab edir ki, Rusiya hərbi kontingentinin təminatının bu yolla aparılması mümkündür:
“Hər şey mümkündür. Azərbaycan tərəfi öz fikrini səsləndirir, sona qədər öz mövqeyini qorumalıdır. Bizim səfirlər bu yay da məsti-xumar olmamalıdırlar, işləməlidirlər. Təkcə prezident, xarici işlər naziri və yaxud Hikmət Hacıyev bu məsələ ilə məşğul olmamalıdır. Azərbaycanın aparıcı ölkələrdə səfirlikləri var, Azərbaycanın mövqeyini izah etməlidirlər. Deməlidirlər ki, bura Azərbaycan ərazisidir. Hələ ötən il eko-fəalların yolu bağladığı vaxt heç bir problem yaşanmırdı. Nə üçün birdən 19 avtomobil karvanı gəldi, qaldı sərhəd-buraxılış məntəqəsində? Təşkil olunmuş bir təxribatdır, Azərbaycanı təxribata çəkmək istəyirlər. Avropa missiyasından gəlib otuzdurublar dağın başında, əllərinə binokl veriblər ki, baxın, Azərbaycan bizi buraxmır. Deyirlər ki, ət xarab olur, yağ əriyir. Cəhənnəmə xarab olsun, gora sıradan çıxsın. Azərbaycan qanunlarına tabe olacaqsansa, yaşayacaqsan burada. Tabe olamaycaqsansa, qapılar açıqdı, xoş getdin. Başa düşmürəm erməninin ləzgidən, tatdan, talışdan, türkdən nə üstün cəhəti var ki? Bu ermənini nə matah edib çıxarmışıq başımıza? Erməni belə istəyir, elə istiyir... Erməni çox şey istəyir. Erməninin canı çıxacaq, Azərbaycan qanunları ilə yaşayacaq. Yox, biz erməninin nazı ilə oynayası deyilik ki!?"
Polkovnik vurğuladı ki, hazırda ermənilər oyun oynayır, arxasında da Rusiya və Fransa durub:
“Almaniya da indi oyuna qoşulub. Avropa İttifaqının rəsmisi Azərbaycan üçün bəyanat verir... Avropa İttifaqının rəsmisi qələt edir, başını divara vurur. Naxçıvanda yaşayanlar dovşan balasıdır, yoxsa Azərbaycan vətəndaşları deyil? Ermənistan yolu açmalıdır, naxçıvanlılar da rahat öz ərazisinə gedib-gəlməlidir. Məqsəd Azərbaycanı təxribata cəlb etməkdir və bu işi də görürlər. Azərbaycan sona qədər öz mövqeyini qorumalıdır, heç bir halda oradan bir maşın yox, yarım maşın da keçə bilməz. Ağdam-Xankəndi yolu məsafə baxımından 10 dəfə sərfəlidir. 300 km uzaqda İrəvandan yük daşımağa razısınız, amma 36-40 kilometr məsafədən yük daşımaq istəmirsən. Çünki onların başqa məqsədləri var. Ona görə də Azərbaycan sona qədər öz haqlı mövqeyini müdafiə eləməlidir”, - deyə Ü.Cəfərov bildirdi.
Humay İSGƏNDƏRLİ