Nəcməddin Sadıqovun general bacısı oğlu məhkəməyə çıxarılır

 17:29 02.08.2023     658

2017-ci ilin may-iyun aylarında Tərtərdə hərbçilərə qarşı kütləvi işgəncələrə görə zərərçəkənlərin ittiham etdiyi səlahiyyətlilərdən biri də o dövrdə Baş Qərargah rəisi olan Nəcməddin Sadıqovdur.

Redaktor.az "gununsesi.info"ya istinadən xəbər verir ki, zərərçəkənlər Sadıqovun heç olmasa, məhkəməyə çağrılıb dindirilməsini tələb edirlər.

Nəcməddin Sadıqov özü olmasa da, onun bacısı oğlu, general-mayor Ramil Əsgərov avqustun 1-də “Tərtər işi” üzrə məhkəməyə çağrılaraq dindirilib.

O, həmin hadisələr vaxtı işgəncə verməkdə ittiham olunanlardan 4 nəfərin məhkəməsində şahid qismində ifadə verib. Söhbət o dövrdə Tərtərdə hərbi hissə komandiri olmuş polkovnik Vüsal Ələsgərov, hərbi hissənin qərargah rəisi Rəşid Niftəliyev, müddətdən artıq xidmət edən hərbi qulluqçular Ramil Qarayev və Rüstəm Ələsgərovun məhkəməsindən gedir.

Ramil Əsgərov Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik Baş İdarəsinin rəisi olub.

O, məhkəmədə sualları cavablandırarkən məlum olub ki, 2020-ci ildə Ermənistanla 44 günlük müharibə gedən dövrdə vəzifəsindən azad edilib. Deyir ki, oktyabrın 23-də öz ərizəsiylə işdən çıxıb.

Xatırladaq ki, Globalinfo.az ötən gün bu haqda manşet məqaləsi yazmışdı. Həmin məqalədə bildrilir ki, Nəcməddin Sadıqovun ətrafında çəmbər daralır. “Tərtər işi” məhkəməsində verilən ifadıələr generalın həbsini sürətləndirir. Hələlik, onun yaxın adamlarını məhkəməyə çağırırlar. Sadıqovun bacısı oğlu orduda onun ən yaxın adamı kimi tanınırdı. “Tərtər işi”ndə də adı hallanan əsas fiqurantdır. Ondan sonra sıranın dayısına – Nəcməddin Sadıqova gələcəyi istisna edilmir.