"Laçında hər hansı bir təxribata yol verilərsə, Azərbaycan bunu ən sərt şəkildə cavablandıracaq" - Polkovnik
Xəbər verdiyimiz kimi, ötən gün Ermənistanın hökumət binası yaxınlığında Qarabağ müharibələrinin iştirakçıları aksiya keçirib.
Onlar tələb ediblər ki, Laçın yolunun açılması və Qarabağda "humanitar fəlakət"in qarşısının alınması üçün addımlar atılsın və bu tapşırıq yerinə yetirilməyəcəyi təqdirdə Laçın yolunun blokunu güc yolu ilə açmaq üçün onları silahlandırsınlar.
İrəvanda aksiya keçirən məğlubların silahlanma istəyi ilə bağlı hərbi ekspert, polkovnik Üzeyir Cəfərov Redaktor.az-a danışdı.
Ekspert söylədi ki, ermənilər Azərbaycandan nəyisə tələb edə bilməz:
"Söhbət Azərbaycan ərazilərindən gedir, ona görə də Azərbaycan ərazilərində hansı qərar lazımdırsa, siyasi-hərbi rəhbərliymiz tərəfindən verilir. Ermənilər yüzlərlə belə aksiya keçirsin, onun zərrə qədər də olsa, onlara xeyri olmayacaq. Dəfələrlə təkrar olunub ki, Azərbaycan qanunları çərçivəsində olacaqları, yaşayacaqları təqdirdə onlar üçün hər hansı bir problem olmayacaq. Əgər onlar tərəfindən Laçın sərhəd-buraxılış məntəqəsinə qarşı hər hansı bir təxribata yol verilərsə, Azərbaycan ən sərt şəkildə bunu cavablandıracaq. Buna heç kimin də şübhəsi olmasın. Silahlanma yolu ilə onlar kimdir ki, Azərbaycan Ordusuna və ya sərhəd xidmətinə qarşı hansısa addımları atsınlar? Ona görə mən onların bu hədəfini blef sayıram. Bunun nəticəsi olmayacaq. Olacağı təqdirdə özləri üçün çox ağır nəticələr olacaq, buna heç kim də şübhə edə bilməz".
Humay İSGƏNDƏRLİ