"Düşmənin radioelektron vasitələri Azərbaycan ordusunun legitim obyektlərinə çevrilərək, məhv olunacaq"

 18:29 14.08.2023     1194

Məlum olduğu kimi, son zamanlar Azərbaycanın hava məkanından istifadə etməklə uçuşlar yerinə yetirən yerli və xarici aviaşirkətlərin sərnişin təyyarələrinin GPS peyk naviqasiya sistemlərinə qarşı Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən radiomaneələr tətbiq olunur.

Azərbaycan Müdafiə Nazirliyinin (MN) məlumatlarına əsasən düşmənin sərnişin təyyarələrinə radiomaneələrin tətbiqi nəticəsində GPS peyk naviqasiya sistemlərində fasilə yaranır. Bununla bağlı Azərbaycan MN dəfələrlə Qarabağdakı sülhməramlıları məlumatlandırsa da, hava məkanımızdan keçən uçuşların təhlükəsizliyinə ciddi təhdid yaradan bu təxribatlara qarşı Rusiya sülhməramlı kontingenti tərəfindən bu günədək heç bir tədbir görülməyib.

Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyinin bu gün yaydığı bəyanatda bu məsələyə toxunulub.

Bildirilib ki, Azərbaycanın suveren ərazilərində qanunsuz yerləşdirilmiş radioelektron mübarizə vasitələrinin istifadəsi xüsusi narahatlıq doğurur. Son həftələrdə "Azərbaycan Hava Yolları"nın mülki təyyarələri ilə yanaşı, xarici ölkələrin təyyarələri də onların təhlükəsizliyi üçün ciddi təhlükə yaradan radioelektron müdaxilələrə məruz qalıb.

Maraqlıdır, Azərbaycan separatçıların radiomaneələr tətbiq etdiyi qurğunun məhv edilməsi üçün həmin ərazini vura bilərmi?

Mövzu ilə bağlı hərbi ekspert, plokovnik Şair Ramaldanov Redaktor.az-a danışdı.

Onun sözlərinə görə, həqiqətən də ermənilər tərəfindən radioelektron vasitələr ilə müdaxilə cəhdləri var:

"Ancaq Azərbaycanda olan radioelektron mübarizə vasitələri ilə biz hələ ki, onu neytrallaşdıra bilirik. Ona görə onların məhv edilməsi ilə bağlı hələ ki, qəti qərarlar qəbul olunmayıb. Əgər həmin radioelektron vasitələrlə bizim uçuşlara mane ola biləcək şəkildə müdaxilə olacaqsa, onlara qarşı lazımi addımlar atılacaq və hamısı Azərbaycan ordusunun legitim obyektlərinə çevrilərək, məhv olunacaqdır".

Humay İSGƏNDƏRLİ