"Müharibəni başlamaq üçün Ermənistanın nə iqtisadi, nə də hərbi gücü var" - Polkovnik
Xəbər verdiyimiz kimi, son günlər Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki qeyri-qanuni erməni silahlı birləşmələrinin və Ermənistan silahlı qüvvələrinin qalıqlarının aktivliyi müşahidə olunur.
Bununla bağlı ötən gün Müdafiə Nazirliyi də məlumat yaydı. Bildirildi ki, ərazidəki qeyri-qanuni birləşmələr və Ermənistan silahlı qüvvələrinin qalıqları tərəfindən döyüş mövqelərinin şəxsi heyət, silah-sursat baxımından gücləndirilməsi, eləcə də yeni müdafiə hədlərinin, səngərlərin, uzun müddətli fortifikasiya qurğularının hazırlanması, əraziyə minaların basdırılması, hətta mülki əhalinin kütləvi şəkildə silahlandırması faktları müşahidə olunub.
Beləliklə, ermənilərin Azərbaycan ərazilərində intensiv döyüş hazırlığı tədbirlərini həyata keçirməklə yeni təxribatlara hazırlıq işlərini görməsi müşahidə olunur.
Mövzu ilə bağlı ehtiyatda olan polkovnik Elşad İsayev Redaktor.az-a danışdı.
Polkovnikin sözlərinə görə, Ermənistanın, Avropada olan havadarları vəchlə çalışırlar ki, burda gərginliyi saxlasınlar.
"Mən şəxsən Avropanın da, Amerikanın da, Rusiyanın da və digər qüvvələrin də Qarabağda vəziyyətin stabilləşməsinin tərəfdarı olmasına inanmıram. Burada daim hər kəs öz maraqlarını güdür, hamı çalışır ki, öz varlığını qoruya bilsin. Qarabağda erməni əhalisinin silahlandırılması, ora silahların daşınması, səngərlərin qazılması ilə əlaqəli olaraq güman etmirəm ki, bu gün Ermənistan böyük bir müharibəyə başlaya bilsin. Mən buna inanmıram. Çünki Ermənistan çox açıq-aydın şəkildə başa düşür ki, Azərbaycan çox güclüdür, Azərbaycanın bu gün çox güclü ordusu var. Azərbaycan Qarabağın böyük hissəsinə nəzarət edir, sərhədlərə nəzarət edir və bu gün həm hüquqi, həm tarixi, həm də bütün hallarda özünün haqlarını müdafiə edə bilir. Ona görə mən güman etmirəm ki, onlar böyük bir müharibəyə başlasın. Bu, Ermənistan üçün fəlakətdir. Təbii ki, müharibə heç kim üçün sərfəli deyil. Müharibəni başlamaq şərt deyil, müharibəni aparmaq şərtdir. Ermənistanın nə iqtisadi, nə də hərbi gücü var. Hesab edirəm ki, bu, sadəcə Ermənistanı müdafiə edən havadarların növbəti bir təzyiqidir", - deyə polkovnik bildirdi.
Humay İSGƏNDƏRLİ