"Azərbaycan öz ərazisindəki qanunsuz silahlı birləşmələrə qarşı mübarizə aparacaq" - Polkovnikdən AÇIQLAMA
Xəbər verdiyimiz kimi, avqustun 16-da Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu terror-təxribat əməliyyatları həyata keçirmək məqsədilə Ordumuzun Kəlbəcər rayonu İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən döyüş mövqelərinin arasındakı boşluqlardan istifadə edərək Azərbaycan ərazisinə sızmağa cəhd edib.
Bölmələrimizin sayıqlığı nəticəsində atəş vasitələrimizin dəstəyi ilə erməni hərbçilərin təxribatının qarşısı alınıb. Nəticədə diversiya qrupunun bir üzvü yaralanmış vəziyyətdə hərbi qulluqçularımız tərəfindən saxlanılıb. Kəşfiyyat-diversiya qrupunun digər üvləri geri çəkilməyə məcbur edilib.
Ermənistanın kəşfiyyat-diversiya qrupunun Azərbaycana göndərilməsində məqsədi nədir?
Mövzu ilə bağlı Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov Redaktor.az-a danışdı.
Polkovnik dedi ki, Ermənistan bu gün sərhəddə törətdiyi təxribatları davam etdirir:
"Baxmayaraq ki, dünyanın aparıcı ölkələrinə, Birləşmiş Millətlər Təşkilatına müraciət edir ki, humanitar yardımlar aparılmasına maneçilik törədilir, amma Azərbaycan sərhədləri bütün dünya üçün açıqdır. Yəni sənədi dürüst olan insanlar Azərbaycan ərazisinə gəlib-gedə bilərlər. O cümlədən Qarabağda yaşayan erməni mənşəli şəxslərə də göndərilən humanitar yardımlar üçün bütün köməkliklər göstərilir, alternativ yollardan istifadə üçün təkliflər olunur. Buna qədər də onlar müxtəlif təxribat xarakterli hərəkətlərə yol verirdilər. Ermənistan kəşfiyyatı Azərbaycan sərhədlərinin yaxınlığında yerləşən hərbi hissələrin döyüş taktiki imkanlarını, texniki imkanlarını, şəxsi heyətin say tərkibini öyrənməyə cəhdlər göstərir. Belə qruplardan istifadə edərək Azərbaycan əsgər və zabitlərinin həm də sayıqlığını yoxlamaq istəyirlər. Onlar düşünməlidirlər ki, Azərbaycan sərhədlərindəki hərbi hissələrdə Azərbaycan Ordusunun şəxsi heyəti və sərhəd qoşunları sayıqlıqla xidmət aparırlar. Hər bir təxribatın qarşısı qətiyyətlə alınacaq. Bu adamların saxlanılması onu göstərir ki, Azərbaycan sərhədçiləri sayıqlıqla həmin ərazilərdə xidmət aparırlar. Amma bu, davam edəcəksə, Azərbaycan adekvat tədbirlər görəcək, ciddi müqavimətlə üzləşəcəklər. Azərbaycan öz ərazisində qeyri-qanuni fəaliyyət göstərən silahlı birləşmələrə qarşı mübarizə aparacaq. Bu da onlara böyük zəzər verəcək. Bunları düşünüb təxribat əməllərindən əl çəkməlidirlər".
C.Xəlilov qeyd etdi ki, Azərbaycan artıq 30 il bundan əvvəlki Azərbaycan deyil:
"Azərbaycan ordusu böyük texniki imkanlara malikdir, hərbi və əsgəri gücə malikdir. O cümlədən Ermənistan- Azərbaycan sərhədlərinin yaxınlığında törətdikləri işlər hamısı bizə məlumdur və bunun qarşısı da qətiyyətlə alınacaq".
Humay İSGƏNDƏRLİ