"Çox qısa zamanda Azərbaycan Xankəndidə anti-terror əməliyyatı keçirəcək" - Polkovnikdən AÇIQLAMA

 15:41 22.08.2023     597

Son iki həftədə ermənilər həm şərti sərhəddə, həm Qarabağda təxribatlarını davam etdirir. Düşmən həm ordumuzun mövqelərini atəşə tutur, eyni zamanda Qarabağda üzbə-üz mövqelərə hərbi texnika cəmləyir, fortifikasiya qurğuları quraşdırmağa çalışırlar.

Artıq ötən gün ordumuz Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus 30-dək texniki müşahidə və dinləmə vasitəsini sıradan çıxarıb.

Bəs düşmənin təxribatlarına cavab olaraq, Qarabağda anti-terror əməliyatı da keçirilə bilərmi?

Mövzu ilə bağlı ehtiyatda olan polkovnik Elşad İsayev Redaktor.az-a danışdı.

Polkovnik bildirdi ki, Ermənistan tərəfi dəfələrlə bütün sahələrdə bizə məğlub olurlar.

"Axırıncı olaraq BMT-nin Təhlükəsizlik Şurasında yığıncaqdan nəsə gözləyirdilər, amma bu da əmələ gəlmədi. Artıq bunların bütün imkanları tükənir. Ona görə də çalışırlar ki, təxribatların sayını artırsınlar. Müəyyən problemlər yaratmağa və bunu beynəlxalq ictimaiyyətə göstərməyə çalışırlar. Demək istəyirlər ki, görürsünüz, Azərbaycan bizə imkan vermir. Ancaq mən hesab edirəm ki, bu, mümkün deyil. Bu gün Azərbaycan ordusu kifayət qədər güclüdür, kifayət qədər gücümüz var. Azərbaycan ordusu istənilən təxribatın qarşısını almağa qadirdir. Məncə, artıq anti-terror əməliyyatı yaxınlaşır. Güman edirəm ki, proseslər belə davam edə bilməz. Bu qədər təxribat, bu qədər həyasızlıq davam etməyəcək. Qarabağda, ümumiyyətlə, Xankəndi ətrafında belə anti-terror əməliyyatının keçirilməsi yaxınlaşır. Çox qısa zamanda Azərbaycan anti-terror əməliyyatı keçirəcək. Ermənilər özləri iki yerə bölünblər. Bir qismi Azərbaycanla əlaqələri, təmasları dəstəkləyir, bir qismi isə bunun qarşısını almağa çalışır. Ona görə mən hesab edirəm ki, həm onların daxildə olan vəziyyəti, həm də bunların sərhəddə yaratdığı təxribatlar, nəhayət, bizim orada anti-terror əməliyyatı keçirməyimizə tam şərait yaradır. Bu, bizim haqqımızdır, öz ərazimizdə, öz suveren torpaqlarımızda anti-terror əməliyyatı keçirə bilərik. Azərbaycan ordusu, dövləti bunun öhdəsindən tam gələcək", - deyə Elşad İsayev vurğuladı.

Humay İSGƏNDƏRLİ