Dövlət Xidmətinə BÖHTAN ATILDI – vətəndaş dediklərini TƏKZİB ETDİ

 11:58 23.08.2023     1083

Bəs əsl günahkarlar cəzalandırılacaqlarmı?

Son günlər bəzi sosial şəbəkələrdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon şöbəsinin əməkdaşı İkinci Qarabağ müharibəsi qazisi Abbasov Mübariz Şahin oğlunun evinə gələrək, onun medallarını geri alınmaları ilə bağlı məlumatlar dolaşır. Məlumatda deyilir ki, Suraxanı rayon Qaraçuxur qəsəbəsinin "Şərq massivi" adlanan ünvanına gələn Səfərbərlik Xidmətinin əməkdaşı onu hədələyib: "Mənə bildirdi ki, əgər xoşluqla medalları və vəsiqəni verməsəm, polislə gələcək. Mən də bu şəxsə inanıb medalları və cənab Prezidentimizin imzasıyla təsdiq olunmuş vəsiqəmi ona verdim".

Məsələyə aydınlıq gətirmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinovla əlaqə saxladıq. O, Redaktor.az-a bildirdi ki, sosial şəbəkədə yazılanlar həqiqətə uyğun deyil.

“Məsələni araşdırmaq üçün Abbasov Mübariz Suraxanı şöbəsinə dəvət olunub və o, bütün deyilənləri təkzib edib. Araşdırma nəticəsində müəyyən edilib ki, Suraxanı rayon Qaraçuxur qəsəbəsinin "Şərq massivi" adlanan ünvanında yaşayan Abbasov Mübariz Şahin oğlunun evinə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin heç bir əməkdaşı getməyib və ondan orden, medal və hər hansı bir sənədlər tələb edilməyib. Maraqlısı odur ki, həmin şəxsin təltif edilməsi ilə bağlı xidmət etdiyi hərbi hissə komandirinin təqdimatı olmayıb və təltif edilənlər siyahısında da onun adına rast gəlinməyib”, - deyə, şöbə rəisi bildirib.

Burada başqa bir maraqlı məqam üzə çıxır. Əgər onun medalı olmayıbsa, nəyə görə bu barədə ictimaiyyətə yalan məlumat verib? Yox əgər medalları olubsa, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adından istifadə edərək, evinə gəlib medalları götürən şəxslər kimlər olub? Hər halda yəqin ki, məsələ araşdırılıb günahkarlar cəzalandırılacaq.

Turan İSMAYIL