Qarabağdakı sülhməramlılara yeni komandan təyin EDİLDİ
Rusiyanın Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş sülhməramlı kontingentinə yeni komandan təyin edilib.
Redaktor.az “Armenpress”ə istinadla xəbər verir ki, general-polkovnik Aleksandr Lentsovu general-mayor Kirill Kulakov əvəzləyib.
Qeyd edək ki, Lentsov cəmi dörd ay Rusiya sülhməramlı kontingentinin komandiri vəzifəsində çalışdı.
Yeni komandan Kulakov 20.07.1969-cu ildə Rostovda anadan olub. Kazan Suvorov Hərbi Məktəbini, Kazan Ali Tank Komandanlıq Məktəbini, Rusiya Federasiyası Silahlı Qüvvələrinin Birləşmiş Silahlı Qüvvələri Akademiyasını bitirib. “General-mayor” hərbi rütbəsi 11.06.2016-cı il tarixində verilib.
Hərbi xidmətdə aşağıdakı vəzifələrdə xidmət edib:
Tank tağımının komandiri, tank rotası komandirinin müavini, qərargah rəisi - tank batalyonu komandirinin müavini, tank batalyonunun komandiri. 2004-cü ildən dərs deyir, dosentdir. Kazan Ali Hərbi Komandanlıq Məktəbinin (Hərbi İnstitutun) zirehli silah və texnikanın istismarı, silah və atıcılıq kafedralarına rəhbərlik edib.
O, Rusiya Federasiyası Silahlı Qüvvələrinin Əlahiddə Ümumqoşun Ordusu Akademiyasının filialının rəis müavini vəzifəsində çalışıb. 2014-cü ildə yenidən hərbi xidmətə başlayıb. Tank və motoatıcı briqadalara komandirlik edib. 2017-ci ildə Kazan Ali Tank Komandanlığı Məktəbinin rəisi təyin edilib.
O, “Vətənə xidmətə görə” 4-cü dərəcəli qılıncla, “Şücaət” ordeni, “Şərəf” ordeni, 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni və doqquz idarə nişanı ilə təltif edilib. Evlidir, bir qızı var.
Turan İSMAYIL