"İndiki şəraitdə ikinci "Dəmir yumruğ"a ehtiyacı var" - Polkovnikdən AÇIQLAMA

 14:28 01.09.2023     992

Xəbər verdiyimiz kimi, bu gün Ermənistan silahlı qüvvələri Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərini PUA-lardan, artilleriyadan, minaatanlardan atəşə tutur. Nəticədə son məlumatlara görə, 3 hərbi qulluqçumuz yaralanıb. Ordumuzun cavab atəşi nəticəsində isə düşmənin iki hərbçisi məhv edilib, 1-i isə yaralanıb.

Hazırda qeyd olunan istiqamətdə mövqelərimizin atəşə tutulması davam edir. Ermənistan qeyd tdiyimiz bölgəyə əlavə canlı qüvvə və hərbi texnika cəmləyir.

Hazırda şərti sərhəddəki vəziyyətlə bağlı ehtiyatda olan polkpovnik Elşad İsayev Redaktor.az-a danışdı.

Polkovnik söylədi ki, bunlar hamısı Ermənistanın sülh müqaviləsini imzalamaması ilə bağlıdır:

"Eyni zamanda, beynəlxalq təşkilatların, böyük dövlətlərin bütün diqqətini bura cəlb etmək istəyirlər. Bütün hallarda Azərbaycan dövləti, Azərbaycan diplomatiyası bütün imkanlardan istifadə etdi ki, Qarabağ ərazisində əmin-amanlıq olsun, erməniəsilli vətəndaşların humanitar təminatı məsələləri həll olunsun. Buna baxmayaraq, həm Qarabağın özündə olan qüvvələr, həm Ermənistan hakimiyyəti çalışırlar ki, bütün məsələləri pozsunlar. Bir həqiqət var ki, bu gün Azərbaycan Silahlı Qüvvələri kifayət qədər güclüdür, onlar özləri də yaxşı bilirlər ki, Azərbaycan Silahlı Qüvvələrinin qarşısında dayana bilməzlər. Sadəcə məqsəd ayrı-ayrı təxribatlar törətməkdir. Məsələn, minalama işləri görmək, müəyyən yerlərə bir badalaq vurmaq. Bütün məqsəd budur. Ancaq bütün bunların Azərbaycan ordusu tərəfindən qətiyyətlə qarşısı alınacaq. Bu gün Azərbaycan diplomatiyası kifayət qədər güclüdür. Fransa və onun təsirində olan dövlətlər çalışırlar ki, burada vəziyyəti bir az da gərginləşdirsinlər, diqqəti daha başqa məcraya yönəltsinlər. Bunlar mümkün deyil. Azərbaycan hökuməti, Azərbaycan diplomatiyası çox güclüdür və bütün bunların qarşısını almağa qadirdir. Silahlı qüvvələrimiz kifayət qədər hazırlıqlıdır, Azərbaycan əsgəri kifayət qədər hazırlıqlıdır. Döyüş qabiliyyəti və ruhu çox yüksəkdir. Ona görə də bu cür təxribatlar Azərbaycan ordusunu sındıra bilməz. Belə güman edirəm ki, bütün bu məsələlərin sonu nəhayət bir "Dəmir Yumruğ"a gəlib cəmləşəcək. Çünki görünən odur ki, indiki şəraitdə ikinci "Dəmir yumruğ"a ehtiyac var. Əgər bu təxribatlar, münaqişələr iri döyüşə çevrilərsə, Azərbaycan ordusu kifayət qədər erməni silahlılarının qarşısını almağa qadirdir. Eyni zamanda, Ermənistan və onun havadarları “Şuşa bəyənmaməsi”ni unutmasınlar. Azərbaycan meydanda tək deyil".

Humay İSGƏNDƏRLİ