"Ermənilər bacardıqları qədər sülh müqaviləsini gecikdirməyə çalışırlar" - Şərti sərhəddəki atışmanın SƏBƏBİ
"Hazırda sərhəddəki gərginliyin səbəbi Xankəndi yolunda, Laçın məntəqəsində olan məsələlərlə bağlıdır".
Bu sözləri hazırda şərti sərhəddə gedən hərbi toqquşma ilə bağlı Redaktor.az-a danışan Beynəlxalq Əlaqələr və Elmi Araşdırmalar İctimai Birliyinin sədri, beynəlxalq münasibətlər üzrə ekspert Xəyal Salahov dedi.
Onun sözlərinə görə, Avropadan olan nümayəndələr Qarabağ bölgəsindəki prosesləri öz gözləri ilə görsələr də, hələ də Azərbaycanı humanitar yardım göstərməməkdə və digər humanist qaydalara riayət etməkdə günahlandıranlar var:
"Halbuki bunların hamısı açıq-aşkar görünür ki, təxribatdır. Çünki Azərbaycan humanitar yüklərin keçməsi üçün alternativ yol təklif etmişdi, lakin Ermənistan tərəfi bunu qəbul etmədi. Qəbul etməməyin də səbəbi aydındır və onlar öz əsas məqsədlərinin humanitar yardım olmadığını göstərirlər. Çünki əgər ermənilər həqiqətən orda acından ölürlərsə və acdırlarsa, niyə bizim məsləhət gördüyümüz, tövsiyə etdiyimiz alternativ yoldan istifadə etmirlər? Sadəcə Ermənistan hökuməti deyil, onların havadarları da bu məsələ ilə bağlı öz, çirkin iddialarını ortaya atırlar. Amma hər bir halda dünya mediasında da, ölkə səviyyəsində də hamı bilir ki, orada heç bir problem yoxdur. Qarabağdakı ermənilərə hər cür humanitar yardım göstərilir. "Laçın" sərhəd-buraxılış məntəqəsindən də sıravi vətəndaşların hamısının keçməsi üçün icazə verilir. Hətta xəstələr üçün tibbi yardım maşını da göndərilir. Azərbaycan əvvəlcədən qeyd etmişdi ki, Qarabağda yaşayan erməni vətəndaşlar Azərbaycan vətəndaşı olub, orada yaşaya bilərlər. Sadəcə Ermənistan rəhbərliyi və onun havadarları bunu qəbul edə bilmədikləri üçün bu yollara əl atırlar. Sərhəddəki atışmalar da bununla bağlıdır. Onlar bacardıqları qədər sülh müqaviləsini gecikdirməyə çalışırlar. Amma bunun heç bir nəticəsi olmayacaq. Azərbaycan öz hüquqi normalarına, beynəlxalq normalara uyğuna öz ərazisində istədiyi kimi də belə əməliyyatları yerinə yetirir və yetirməkdə davam edəcək. Bunun qarşısında heç kim dayana bilməz. Bu Azərbaycanın gecikmiş ədaləti bərpa etmə prosesidir".
Qeyd edək ki, bu gün Ermənistan silahlı qüvvələri Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərini PUA-lardan, artilleriyadan, minaatanlardan atəşə tutur. Nəticədə son məlumatlara görə, 3 hərbi qulluqçumuz yaralanıb. Ordumuzun cavab atəşi nəticəsində isə düşmənin iki hərbçisi məhv edilib, 1-i isə yaralanıb.
Humay İSGƏNDƏRLİ