"Azərbaycan erməniləri yenidən sülhə məcburetmə əməliyyatları keçirə bilər" - Deputat
"Ermənilər sülh istəmirlər və müxtəlif bəhanələrlə Azərbaycan ərazisinə müdaxilə etməyə çalışırlar".
Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu Ermənistan-Azərbaycan şərti sərhədində bu gün baş verən düşmən təxribatını şərh edərkən bildirdi.
Onun sözlərinə görə, məqsəd Azərbaycan ərazisində erməni separatizmini yenidən alovlandırmaqdır.
"Biz elə Qarabağ iqtisadi rayonunda baş verən hadisələr kontekstində bunu aydın görürük. Onlar hesab edirlər ki, nəyəsə nail olacaqlar. Ancaq, bu, mümkün deyil. Çünki Azərbaycan əsla sərhədlərinin pozulmasına, 30 il işğal altında qalan torpaqlarımız azad edildikdən sonra ora köçürülən vətəndaşlarımızın həyatına təhlükə yaranmasına izin verməyəcəkdir. Əgər erməni təxribatları bu cür davam edəcəksə, nəticədə Azərbaycan daha qətiyyətli addımlar atmaqla erməniləri yenidən sülhə məcburetmə əməliyyatları keçirə bilər. Onlar unutmamalıdırlar ki, üç il bundan əvvəl, sentyabr ayında da onlar bənzər təxribatlar etdilər və nəticəsinin nə olduğu bəllidir. Əgər onlar yeni bir sentyabr alqoritmi istəyirlərsə, onu alacaqlar. Çünki Azərbaycan güclüdür, Azərbaycan Prezidenti bəyan edib ki, bugünkü Azərbaycan ordusu üç il bundan əvvəl tarixi zəfərimizi əldə etməyə qadir olan ordudan daha güclüdür. Ermənilər də bunu bilirlər. Mən inanmıram ki, sərhəddəki təxribatların miqyası bundan daha da böyüsün. Ancaq bütün hallarda təxribat təxribatdır. Bu, regionda sülhə yönəlibdir, Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlibdir. Ona görə də Azərbaycan lazımı bütün tədbirləri görəcəkdir".
Qeyd edək ki, bu gün Ermənistan silahlı qüvvələri Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərini PUA-lardan, artilleriyadan, minaatanlardan atəşə tutub. Nəticədə son məlumatlara görə, 3 hərbi qulluqçumuz yaralanıb. Ordumuz düşmənin 4 hərbçisini məhv edib.
Humay İSGƏNDƏRLİ