"Yaxın vaxtlarda hərbi toqquşma olacaq" - Polkovnik
"Yaxın vaxtlarda toqquşma olacaq. Yəni hər şey ona doğru gedir. Çünki hadisələrin qısa xronologiyası onu deməyə əsas verir ki, toqquşma qaçılmazdır".
Bunur Redaktor.az-a açıqlamasında hərbi ekpsert, polkovnik Üzeyir Cəfərov Ermənistanın son günlərdəki hərbi təxribatlarını şərh edərkən dedi.
Onun sözlərinə görə, Ermənistan tərəfi faktiki olaraq hər gün təxribatların həm sayını artırır, həm də arealını genişləndirir.
"Baxın, əgər Naxçıvanın Sədərək rayonunda narahatçılıq yaradıblarsa, indi Ordubadda da, Şahbuzda, Culfada bu narahatçılığı yaradırlar. Nə baş verdi ki, bunlar birdən-birə bu sayı artırlar? 44 günlük savaşdan sonra aydındır ki, zaman-zaman Kəlbəcəri, Laçını atəşə tutublar. Paşinyan sonuncu çıxışında bütövlükdə danışıqlar prosesindən imtina etdi. Paşinyan Qarabağ separatçılarını təbrik etməklə, onlara uğurlar arzulamaqla faktiki olaraq əvvəl dediyi bütün fikirlərdən imtina etdi. Bu, o deməkdir ki, bu adam müharibə yolunu seçdi, ona görə də Azərbaycanın başqa yolu qalmadı. Sadəcə olaraq, bir az diqqətli, ehtiyatlı olmalıyıq. Amma toqquşma qaçılmazdır, mütləq olacaq. Çünki Ermənistan öz ağalarının tapşırığını yerinə yetirir, ağaları da ona deyir ki, Azərbaycanla Ermənistan arasında elə bir toqquşma olmalıdır ki, o, uzunmüddətli sükuta gətirsin. Yəni tərəflər təmasa gəlməsinlər, hər hansı bir sülh müqaviləsi haqqında danışmasınlar. Bu kimin istəyidi? Bu rəsmi Rusiyanın istəyidir. İndi düşünüblər ki, Moskva Paşinyana xəbərdarlıq edir, nə bilim nə. Bunlar hamısı Moskvanın ustalıqla təşkil etdiyi oyundur. Ona görə toqquşma qaçılmazdır və yaxın vaxtlarda bunun miqyasını görəcəyik. Bəzi dostlarımız deyir ki, müharibə olacaq. Harda olacaq müharibə? Müharibə üçün əvvəla meydan yoxdur, ikincisi də ki, biz artıq məsələni həll eləmişik. Balaca bir meydanda Xankəndi və ətrafda Əsgəran, Xocalıda və digər ərazilər var. Orada da anti-terror əməliyyatı, təmizləmə işi aparmalıyıq və separatçıları ordan uzaqlaşdırmalıyıq. Məsələ bu qədər sadədir", - deyə Üzeyir Cəfərov bildirdi.
Humay İSGƏNDƏRLİ