“Dəniz Təməl Komando kursu”nun növbəti buraxılışı oldu - VİDEO
Hərbi Dəniz Qüvvələrində (HDQ) “Dəniz Təməl Komando kursu”nun növbəti buraxılışına həsr olunmuş mərasim keçirilib.
Bu barədə Redaktor.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Mərasimdə əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Çıxış edən Hərbi Dəniz Qüvvələrinin komandanı vitse-admiral Sübhan Bəkirov kursu bitirən hərbi qulluqçuları salamlayaraq Müdafiə Nazirliyi rəhbərliyinin təbriklərini çatdırıb.
Qeyd edilib ki, ordumuzun tərkib hissəsi olan Hərbi Dəniz Qüvvələri də respublikamızın təhlükəsizliyinə yönələn təhdidlərin qarşısının alınması, eləcə də Xəzər dənizinin Azərbaycana məxsus ərazi sularında etibarlı mühafizənin, əlverişli əməliyyat rejiminin saxlanılması və digər tapşırıqların icrası üçün digər qoşun növləri ilə birlikdə fəaliyyətini davamlı olaraq inkişaf etdirir.
“Dəniz Təməl Komando kursu”nun məzunları göstərilən yüksək etimadı xidməti fəaliyyətləri ilə doğruldacaqlarına söz veriblər.
Məzunlara sertifikatlar təqdim olunduqdan sonra kurs birinciləri, eləcə də kursun təşkilində və keçirilməsində fərqlənən təlimatçılardan bir qrupu mükafatlandırılıb.
“Dəniz Təməl Komando kursu”nun buraxılışına həsr olunmuş mərasim şəxsi heyətin təntənəli keçidi ilə başa çatıb.