"Separatçıların ərazilərimizi kütləvi şəkildə minalaması narahatlıq doğurur" - Polkovnik
Ermənistanın mina terroru bütün şiddəti ilə davam edir və Qarabağ iqtisadi rayonunda baş verənlər bu həqiqətin ən böyük isbatıdır.
Redaktor.az xəbər verir ki, bunu Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib.
O deyib ki, Qarabağ iqtisadi rayonundakı separatçıların ərazilərimizdə kütləvi şəkildə minalama işi aparması narahatlıq doğurmaqdadır: “Ermənistan Vətən müharibəsinin başa çatmasından sonra da mina terrorunu davam etdirməkdə, ərazilərimizin minalanması prosesini həyata keçirməkdədir. Bu günlərdə Azərbaycanın Müdafiə Nazirliyinin yaydığı bəyanatdan da məlum oldu ki, Qarabağdakı erməni separatçıları, habelə Ermənistan silahlı qüvvələrinin tör-töküntüləri ərazilərimizdə minalanma işi aparmaqdadır.
Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin hərbi qulluqçusu Eminov Xəyyam Mahal oğlunun piyada əleyhinə minanın partlaması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması faktı da ermənilərin mina terrorundan əl çəkmədiyini göstərir. Bir tərəfdən sülh haqqında fikirlər səsləndirən İrəvanın, digər tərəfdən mina terroruna əl atması onu deməyə əsas verir ki, Ermənistanın sülh müqaviləsi haqqında verdiyi bütün bəyanatlar imitasiyadan başqa bir şey deyil.
Azərbaycan tərəfi uzun illərdir ki, dünyanın diqqətini Ermənistanın mina terroruna cəlb etməyə çalışır, bu istiqamətdə aktiv fəaliyyət ortaya qoyur. Ancaq təəssüflər olsun ki, bu günə qədər heç bir beynəlxalq təşkilat mina terroruna görə təcavüzkar ölkəni qınayan ciddi bəyanatla çıxış etməyib. Beynəlxalq birlik, aparıcı dövlətlər tərəfindən mina terrorunu əngəlləmək üçün heç bir əməli addım atılmayıb. Halbuki Ermənistanın mina terroruna qarşı beynəlxalq birliyin vahid və qəti mövqe ortaya qoyması labüddür. Yalnız bu halda terrora qarşı mübarizədə ciddi uğur əldə etmək, Ermənistanı həmin cinayətdən çəkindirmək mümkündür” (Azərtac).