Hərbi liseydə andiçmə mərasimi keçirildi
Tədris ilinin başlanması münasibətilə Milli Müdafiə Universitetinin Cəmşid Naxçıvanski adına Hərbi Liseyinə yeni qəbul olan kursantların andiçmə mərasimi keçirilib.
Bu barədə Redaktor.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Mərasimdə Müdafiə Nazirliyinin nümayəndələri, liseyin şəxsi heyəti, müəllimlər, valideynlər, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblar.
Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin azadlığı, suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrin müşayiəti ilə Dövlət Himni səsləndirilib.
Andiçmə mərasimində çıxış edənlər gənc kursantları təbrik edərək onlara gələcək xidmətlərində uğurlar arzulayıb, Vətənə, dövlətə və Ali Baş Komandana, Şərəf andlarına sadiq olmalarını, nümunəvi, nizam-intizamlı xidmət etməyi, komandir-rəis heyətinin əmr və sərəncamlarını dəqiq və vaxtında yerinə yetirmələrini tövsiyə ediblər.
Sonra hərbi liseyin kursantları sıra meydanında Şərəf andı içiblər.
Hərbi orkestrin müşayiəti ilə kursantlar lisey marşını ifa edib, şəxsi heyətin təntənəli marşla tribunanın önündən keçidi olub.
Sonda valideynlər hərbi təhsil müəssisəsində yaradılan təlim-tədris, məişət şəraiti və ərazi ilə tanış olublar.