"Ali Baş Komandana və Azərbaycan ordusuna dönə-dönə təşəkkürümüzü bildiririk" - Polkovnik

 14:10 20.09.2023     849

Xəbər verdiyimiz kimi, lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub.

Müdafiə Nazirliyindən bildirilib ki, Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq 2023-cü il sentyabrın 20-də saat 13:00-da aşağıdakı şərtlər altında lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub:

1. Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.

2. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.

3. Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.

Azərbaycanın növbəti uğuru haqqında Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi ekspert, polkovnik Cəlil Xəlilov Redaktor.az-a danışdı.

Polkovnik dedi ki, bu xəbər bütün Azərbaycan xalqını və dünya azərbaycanlılarını sevindirir:

"Azərbaycan Respublikasının Prezidentinin apardığı diplomatik səylər öz nəticəsini göstərdi və Azərbaycan Respublikasın Müdafiə Nazirliyi Ermənistanın qüvvələrini sülhə məcbur edə bildi, onlar ağ bayraq qaldırdı. Gələcəkdə onlar bütün Azərbaycanın ortaya qoyduğu tələblərə riayət edəcəklər. Azərbaycan qanunvericiliyini tanıyacaqlar, Azərbaycan vətəndaşı kimi istəsələr Azərbaycanda yaşaya biləcəklər, istəməsələr, Azərbaycan ərazilərini tərk edə bilərlər. Onlara bu şəraitlər yaradılacaq. Hansı ki, cinayət törədiblər, terror aktları törədiblər, onların məsuliyyətə cəlb olunması məsələsinə də baxılacaq. Bu sahədə də Azərbaycan Respublikasının Prezidentinin mövqeyi aydındır. Ola bilər ki, müəyyən amnistiyalar tətbiq edilsin, amma gələcəkdə həmin ərazilərdə Azərbaycan qanunları işləyəcək, dövlət qurumları yaradılacaq və Qarabağ tam demək olar ki, işğaldan azad olacaq. Heç bir separatçı qüvvələr, heç bir silahlı birləşmələr Azərbaycanda qeyri-qanuni fəaliyyət göstərə bilməz. Orada yaşayan erməni mənşəli insanların da təhlükəsizliyini, sosial təminatını Azərbaycan  dövləti öz üzərinə götürdü, prezident dəfələrlə bunu nümayiş etdirib. Gördük ki, bu antiterror əməliyyatında da Azərbaycan Ordusu necə humanist addımlar atdı, insanlar yaşayan yerləri atəşə tutmadı, ehtiyacı olan insanlara isti yeməklər verildi, onlara tibbi xidmətlər göstərdi. Gələcəkdə də bu humanitar missiyalar həyata keçiriləcək, onların təhlükəsizliyi tam təmin olunacaq. Azərbaycanın ərazi bütövlüyü tam təmin olunacaq. Azərbaycan Respublikasına gəlib-gedən insanlar  Azərbaycan qanunvericiliyinə uyğun sənədlə gəlib gedəcəklər, sərhəd nəzarətindən, gömrük nəzarətindən keçəcəklər və heç bir qeyri- qanuni sərhəd pozmalarına yol verilməyəcək. Buna görə də biz Azərbaycan Respublikasının Prezidentinə, Ali Baş komandana və Azərbaycan ordusuna dönə-dönə təşəkkürümüzü, minnətdarlığımızı bildiririk".

Humay İSGƏNDƏRLİ