Polkovnik Ağdərənin işğalçılardan təmizlənməsindən DANIŞDI

 15:32 25.09.2023     673

Azərbaycan hərbçilərinin Ağdərədə olmasını əks etdirən görüntülər yayılıb. Fotolardan biri ermənilərin “Mardakert” adlandırdığı keçmiş Ağdərə rayonunun girişində lentə alınıb.

Azərbaycan əsgərinin Ağdərəyə daxil olması ilə bağlı ehtiyatda olan polkovnik Elşad İsayev Redaktor.az-a danışdı.

Polkovnik dedi ki, Ağdərə şəhərinin və ətraflarının erməni işğalçılarından təmizlənməsi Azərbaycan əsgərinin, Azərbaycan zabitinin qələbəsidir:

"Mən bu münasibətlə Azərbaycan əsgərini təbrik edirəm. Çünki bu gün son dərəcədə çox ağıllı, çox təmkinli, düşünülmüş əməliyyatlar həyata keçirilir. Bu, bir daha Azərbaycan əsgərinin, Azərbaycan Silahlı Qüvvələrinin yüksək peşəkarlığının göstəricisidir. Ağdərə şəhəri çox strateji əhəmiyyətli və çox vacib bir yerdir. Ona görə də bu yerin Azərbaycan əsgəri tərəfindən götürülməsi və Azərbaycan əsgərinin oraya daxil olması, Azərbaycan bayrağının ucaldılması çox böyük mətləblərdən xəbər verir. Ağdərənin alınması şəxsən mənim üçün Birinci Qarabağ müharibəsinin iştirakçısı kimi ikiqat sevincdir. Çünki mən 1993-cü ilin fevral ayında bir müddət Ağdərə şəhərində və onun ətraflarında olmuşam. Proseslərin böyük hissəsi mənim gözümün qabağında baş verib. Ağdərə şəhərində Azərbaycan bayrağı ucalırdı. Ancaq sonra çox təəssüflər olsun ki, başıpozululuq, satqınlıq və s. səbəblər ucbatından Ağdərə və onun ətrafı düşmən tərəfindən ələ keçirildi".

Polkovnik Sərsəng su anbarının Azərbaycanın nəzarətində olması haqqında da danışdı.

Onun sözlərinə görə, bu da çox prinsipial bir məsələdir:

"Ora çox vacib, əhəmiyyətli bir yerdir. Ancaq yadınıza gəlirsə, bizim də bir müddət əvvəl mütəxəssislərimiz ora baş çəkmişdilər. Təbii ki, o vaxt da, indi də məlum oldu ki, su anbarında problemlər var. Bu təbii ki, mütəxəssislərin işidir. Yəni bizim alimlərimiz, mütəxəssislərimiz burada işləyəcəklər və bunun gələcəkdə su ehtiyatımız və digər məsələlərlə bağlı çox böyük əhəmiyyəti olacaq. Çünki Sərsəng su anbarı böyük əhəmiyyəti olan bir strateji obyektdir. Bu gün Sərsəng su anbarının bu vəziyyətə düşməsinin səbəbləri çox güman ki, ermənilərlə bağlıdır. Çünki onlar çox yaxşı bilirdilər ki, gec-tez Azərbaycan bu əraziləri azad edəcək, o cümlədən Sərsəng anbarına nəzarəti bərpa edəcək. Ona görə də görünür, müəyyən problemlər yaradıblar, təəssüflər olsun ki, bu sahədə təxribatlar törətməkdə, ağlasığmaz hərəkətlərdə etməkdə "ustadıarlar". Ancaq Azərbaycanın kifayət qədər bu sahədə sayılı-sanballı mütəxəssisləri var və ümid edirəm ki, bütün problemləri yoluna qoyacaqlar. Bu gün bilirsiniz ki, Qarabağ iqtisadi rayonunda proseslər davam edir. Bu məsələlərlə bağlı hər saat, hər dəqiqə yeni-yeni məlumatlar gəlir. Silahı yerə qoyanlar və bu bölgədə yaşamaq istəməyənlər üçün Ermənistana keçmək şəraiti yaradılır. Ümumiyyətlə dövlətimiz bütün lazımi və vacib tədbirləri görür. Azərbaycan dövlətinin siyasəti addım-addım düşünülmüş şəkildə yerinə yetirilir. Ona görə hadisələr hər gün müsbət tərəfə dəyişir. Hesab edirəm ki, bu proses belə davam edəcək və nəticələr hamımızı sevindirəcək. Bildiyimiz kimi Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonundan keçən 58-ci kilometrliyində təxribat baş vermişdi, 7 polis əməkdaşının və iki mülki şəxsin minaya düşərək həlak olması ilə nəticələnmişdi. Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi müəyyən tədbirlər nəticəsində həmin hadisədə şübhəli bilinən şəxslər saxlanıldı. Yəni bu gün Azərbaycanın bütün qurumları, o cümlədən hüquq-mühafizə orqanları, xüsusi xidmət orqanları yüksək səviyyədə, yüksək peşakarıqla çalışırlar".

Humay İSGƏNDƏRLİ