Natiq Qasımova Milli Qəhrəman adının verilməsi təklif edildi
30 ildən artıqdır doğmaları ondan xəbər gözləyirlər. Bu illər ərzində yaxınlarına onun yandırıldığı, əzab işgəncə ilə öldürüldüyü, hətta sağ olması barədə xəbərlər gəlib.
Söhbət son günlər haqqında çox danışılan Natiq Qasımovdan gedir. O, 1971-ci il yanvarın 2-də Gədəbəyin Kiçik Qaramuradlı kəndində dünyaya gəlib. Bir müddət sonra ailəsi ilə birlikdə Mingəçevirə köçüb.
Məktəbi bitirdikdən sonra Azərbaycan DRES-də çilingər, kinoteatrda kinomexanik işləyib. Rusiyanın Krasnoyarsk vilayətində Daxili Qoşunlarda hərbi xidmət yolunu keçib.
1991-ci ildə ordudan tərxis olunduqdan sonra bir müddət valideynlərinin yanında qalan Natiq könüllü olaraq yenidən Vətənin müdafiəsinə yollanıb. Xocalı faciəsində sakinlərin başına gətirilənlər onu daha da hiddətləndirib. Natiq 1992-ci ildə Ağdamın Pirlər kəndində 5 gün kilsədə qalıb ermənilərlə təkbaşına döyüşüb, sonda Xocalı əsirlərinin öldürülməməsi üçün təslim olub. İtaliyalı fotomüxbir Enriko Sarzininin çəkdiyi şəkildə Natiqin ağır döyüşlərdən sonra əlində üçrəngli milli bayrağımız iki saqqallı erməni arasında məğrurcasına addımladığı əks olunub. Ermənilər 5 gün müddətində kilsədə onlarla cəmi bir nəfərin mübarizə apardığını bilib çox pərt olmuşdular. Natiq Əsgərana aparılır və orada dindirilir. Dindirilmə səhnəsindən də fotolar var. Ermənilər tərəfindən əsir və girov götürülmə faktı danılan şəxslərin siyahısında Natiq Qasımovun da adı var. Dəfələrlə edilmiş müraciətlərə baxmayaraq, erməni tərəfi bu günədək Natiqin sonrakı taleyini Azərbaycandan və beynəlxalq təşkilatlardan gizlətməkdədir.
Britaniyalı rejissor və senari müəllifi Karan Sinq N.Qasımovun həyatından bəhs edən sənədli film çəkib.
Rejissor filmdə Natiqi dindirən şəxsin Xocalı qatili genral-mayor Vitali Balasanyan olduğunu üzə çıxarıb. V.Balasanyan isə bu faktı təkzib edib, guya "özünü tanımayıb". Mingəçevirdəki Şəhidlər Xiyabanında itkin düşənlərin rəmzi məzarları sırasında Natiq Qasımovun da adı var.
Qeyd edək ki, Milli Məclisin deputatı Fazil Mustafa Natiq Qasımova Azərbaycanın Milli Qəhrəmanı adının verilməsini təklif edib.
"Natiq Qasımov ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adını almağa layiq şəxsiyyətdir. Eyniylə Mübariz İbrahimov kimi. Onun da haqqı verilməlidir. Bu məsələni hökmən gündəmə gətirəcəyəm. Bu Vətən oğlunun obrazını tanıtmalıyıq, təbliğ etməliyik. Onun qəhrəmanlığının bənzəri çox az olur. Azərbaycan bayrağını ləyaqətlə daşıyan igidimiz! Ruhu şad olsun!",- deyə deputat qeyd edib.
Natiq Qasımova Milli Qəhrəman adı verilməsi ilə bağlı hərbçi ekspert, polkovnik Üzeyir Cəfərov Redaktor.az-a danışdı.
O, bildirdi ki, lazım olan sənədlər, şahidlik ifadələri toplanandan sonra vəsatət qaldırmaq olar:
"Bizdə elə şəxslər var ki, mən bunu açıq demək istəyirəm, uzun illər bundan əvvəl, başqasının göstərdiyi şücaəti son illər öz adlarına yazmağı bacarıblar və o adı da alıblar. Hesab edirəm ki, Natiq Qasımov ermənilərin içərisində olmasına baxmayaraq, Azərbaycan bayrağını qorxmadan, çəkinmədən düşmən içərisində qaldırıb və nəyə qadir olduğunu sübut edib. Onun etdiyi hərəkət, deməli, Milli Qəhrəman statusuna uyğundur ya, uyğun deyil, onu müvafiq komissiya araşdırıb və qiymət verə bilər. Bir sözlə, Natiq Qasımov mən hesab edirəm ki, ən yüksək ada və ən yüksək mükafata layiq şəxslərdən biridir. Mənim yanaşmam ondan ibarətdir. Çox təəssüflər olsun ki, yenə də deyirəm, bəzi şəxslər var ki, bir vaxtlar tamam başqaları qəhrəmanlıq göstərdiyi halda, o qəhrəmanlığı öz adlarına çıxarıb və bunun da sayəsində yüksək orden və medallara, adlara layiq görülüblər. Mən düşünürəm ki, elə şeylər olmamalıdır, Azərbaycanda hər şey şəffaf olmalıdır".
Humay İSGƏNDƏRLİ