Vətən müharibəsi veteranları ölkəmizin ictimai-siyasi həyatında daha fəal iştirak etməlidirlər - Polkovnik
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı müxtəlif kateqoriyalı veteranları əhatə edir. Yəni, həm müharibə iştirakçıları, həm əmək veteranları, həm də Silahlı Qüvvələrdə xidmət etmiş şəxslər bu təşkilatınn üzvü ola və nizamnaməyə uyğun fəaliyyət göstərə bilərlər. Onlar Azərbaycanın ictimai-siyasi həyatında vətənpərvərlik işlərinin aparılmasında, veteranların sosial müdafiəsi məsələlərində fəal ola bilərlər. Əməkdaşlıq etdiyimiz “Security Operation Services” şirkətində müxtəlif kateqoriyaya aid minlərlə şəxs, o cümlədən 44 günlük İkinci Qarabağ müharibəsində iştirak etmiş 260 veteran işlə təmin olunub. Oradakı müharibə iştirakçılarını Respublika Veteranlar Təşkilatının üzvlüyünə qəbul edir, tez-tez onlarla görüşlər keçirir, hərbi vətənpərvərlik işlərinə cəlb edirik.
Redaktor.az xəbər verir ki, bu fikirləri Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov deyib.
Polkovnik qeyd edib ki, Azərbaycanın ali təhsil müəssisələrində gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi işlərini birlikdə görmək, təbliğ etmək üçün onlara xüsusi vəsiqələr verilir. Həmin veteranların Vətən müharibəsi zamanı qəhrəmanlıq göstərdikləri kimi, bu gün Azərbaycanın ictimai-siyasi həyatında da fəal iştirak edərək gənc nəslə nümunə olmalarını istəyirik.
Ümumiyyətlə, gənc veteranlar Respublika Veteranlar Təşkilatına üzv olmaq üçün ərizə ilə müraciət edirlər. Çünki onlar keçirdiyimiz tədbirlərdə iştirak edərək bizim qurum haqqında geniş məlumat əldə edirlər.
“Bizim yerli rayon təşkilatlarımız da fəaliyyət göstərir. Respublika Veteranlar Təşkilatı da onları müəyyən ictimai işlərə cəlb etməyə və müxtəlif kateqoriyalı tədbirlər keçirməyə çalışır. Həmçinin 44 günlük müharibədə qazanılmış Qələbənin təbliğində onların təcrübəsindən maksimum şəkildə istifadə edilir. Belə ki, onlar müharibədə iştirak etmiş şəxslər olduğu üçün müxtəlif auditoriyalarda, məktəblərdə çıxışları daha maraqlı və təsirli olur. Çünki müharibədə olmuş insanlar, rəşadət göstərmiş şəhidlərimiz var. Şəhidlərə Allahdan rəhmət diləyirik. Azərbaycan Ordusunun Zəfərində şəhidlərimizin də əməyi danılmazdır. Ali Baş Komandanımız İlham Əliyev də şəhidlərimizin xatirəsini həmişə uca tutur, onların adları əbədiləşdirilir. İnanırıq ki, hərbçilərimizin qəhrəmanlıqlarının təbliğində gənc veteranlarımızın da xüsusi əməyi olacaq”, - deyə Cəlil Xəlilov vurğulayıb.