"Bir müddət sonra sülhməramlılara ehtiyac qalmayacaq" - Polkovnik

 17:18 06.10.2023     487

Məlum olduğu kimi, Qarabağın 3 rayonu - Əsgəran, Ağdərə və Şuşada sülhməramlıların postları ləğv edilib. İndi də bütün diqqət sülhməramlıların Qarabağı nə zaman tərk edəcəyi xəbərlərindədir.

Redaktor.az xatırladır ki, Qarabağa Rusiya hərbçiləri Azərbaycanla Ermənistan arasında 2020-ci ilin 9 noyabr atəşkəs bəyanatına əsasən yerləşdirilib. Beş illik kontingentin qalma müddəti tərəflərdən heç biri etiraz etməzsə, vaxtın bitməsinə altı ay qalmış avtomatik uzadılır.

Bu il sentyabrın 19-da Bakı Qarabağda antiterror əməliyyatı keçirtdi. Bir gün sonra tərəflər atəşkəs üzrə razılığa gəlib, Qarabağdakı silahlıların tərksilah olunması razılaşdırıldı. Bundan sonra Qarabağın erməni sakinləri regionu tərk etməyə başlayıb, separatçı rejim özünü buraxdığını açıqladı.

Maraqlıdır, Qarabağın 3 rayonunda sülhməramlıların postlarının ləğv olunmasından sonra Rusiya hərbçiləri ərazini tamamilə nə zaman tərk edəcək?

Məsələ ilə bağlı Redaktor.az-a danışan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov qeyd etdi ki, sülhməramlılar Qarabağı tərk edə bilərlər:

"Əgər orada təhlükələr olmasa, bir müddətdən sonra təbii ki, buna baxılacaq. Azərbaycan və Rusiya arasında olan müqaviləyə, razılığa əsasən onlar orada yerləşiblər.  Problemlər artıq müəyyən qədər səngiyib, həllini tapıb. Ona görə gələcəkdə mən elə başa düşürəm ki, onlara ehtiyac qalmayacaq",- deyə C.Xəlilov vurğuladı.

Həmidə İBRAHİMLİ