"Xəzri-2023" təlimi BAŞA ÇATDI
Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Qazaxıstan Respublikası Müdafiə Nazirliyi arasında imzalanmış birgə fəaliyyət planına əsasən, hər iki ölkənin Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmilərinin və hərbi qulluqçularının iştirakı ilə keçirilən "Xəzri-2023" birgə taktiki təlimi başa çatıb.
Bu barədə Redaktor.az-a Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.
Oktyabrın 8-də Azərbaycan HDQ komandanı vitse-admiral Sübhan Bəkirov, Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin HDQ komandanı kontr-admiral Saken Bekjanov, hər iki ölkənin təlimdə iştirak edən hərbi qulluqçuları və media nümayəndələrinin iştirakı ilə təntənəli bağlanış mərasimi keçirilib.
Tədbirdə çıxış edənlər təlimdə qarşıya qoyulan bütün tapşırıqların uğurla icra edildiyini bildirib və iştirakçılara gələcək xidmətlərində uğurlar arzulayıblar. Qeyd edilib ki, keçirilən birgə taktiki təlim qarşılıqlı təcrübə mübadiləsində, eləcə də hər iki ölkənin hərbi qulluqçularının peşəkarlığının artırılmasında xüsusi əhəmiyyətə malikdir.
Qeyd edək ki, Xəzər dənizinin Azərbaycana məxsus ərazi sularında oktyabrın 2-dən başlayan "Xəzri-2023" birgə taktiki təlimində İran İslam Respublikasının HDQ-nin nümayəndə heyəti də müşahidəçi qismində iştirak edib.