“Hərbi cinayətlər azalıb” - Xanlar Vəliyev
Hərbi Prokurorluqda 2023-cü ilin birinci yarımilliyinə həsr olunmuş geniş kollegiya iclası keçirilib.
Redaktor.az xəbər verir ki, kollegiya iclasını açıq elan edən Baş prokurorun müavini – Hərbi prokuror ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirib ki, ölkədə hərbi cinayətlərin sayı azalıb.
Ədliyyə general-leytenantı Xanlar Vəliyev xüsusi vurğulayıb ki, həyata keçirilən tədbirləri nəticəsində 2022-ci ilin birinci yarımili ilə müqayisədə 2023-cü ilin eyni dövründə qeydə alınmış qəsdən adam öldürmə cinayətləri 20 faiz, qəsdən adam öldürməyə cəhd cinayətləri 66,7 faiz, özünü öldürməyə cəhd hadisələri isə 75 faiz azalıb.
Məruzəçilər - Hərbi prokurorluqlarda istintaqa nəzarət şöbəsinin rəisi, ədliyyə polkovniki Hümmət Məmmədov və İstintaq idarəsinin rəis müavini, ədliyyə müşaviri Rüstəm Ələsgərov kollegiya iclasının həsr olunduğu məsələlər barədə çıxış edərək, bununla bağlı hesabat dövründə görülmüş işlərdən danışıb, həmin cinayətlərin qarşısının alınması ilə əlaqədar hərbi prokurorluq orqanlarının və aidiyyəti qurumların qarşısında duran vəzifələrin yerinə yetirilməsi üçün görülməli olan tədbirlər barədə məlumat veriblər. Məruzələr ətrafında geniş fikir mübadiləsi aparılıb.
Sonda Xanlar Vəliyev bildirib ki, cinayət hadisələrinin, o cümlədən bu qəbildən olan cinayətlərin qarşısının alınması istiqamətində Hərbi Prokurorluğun aidiyyəti qurumlarla birgə fəaliyyəti bundan sonra da uğurla davam etdiriləcək.