"Düşmən sıx meşələrdə, xüsusi düzəldilmiş sığınacaqlarda gizlənir, cığırları minalayır" - Polkovnik
"Qarabağda uğurla həyata keçirilmiş antiterror əməliyyatlarından sonra qondarma rejim ağ bayraq qaldıraraq təslim oldu, silah-sursat, digər hərbi ləvazimatların vasitələrin təhvil verilməsi prosesi lazımi səviyyədə aparıldı".
Bunu Redaktor.az-a danışan ehtiyatda olan polkovnik Elşad İsayev dedi.
O bildirdi ki, antiterror tədbirlərindən sonra silahı təhvil verməyən, guya xırda qruplar halında partizan müharibəsi aparmaq xülyasına düşənlər də var:
"Hazırda Silahlı Qüvvələrimiz tərəfindən tör-töküntülərin təmizləmə prosesi davam etdirilir. Hüquq-mühafizə və xüsusi xidmət orqanları bu əməliyyatlarda bütün imkan və vasitələrdən istifadə edərək əsgər və zabitlərimizə dəstək verirlər. Azərbaycan əsgəri dağlıq və sıx meşə ərazilərində hər bir qarışı ehtiyatla yoxlayır, şübhə doğuran hər bir sahəni diqqətlə yoxlayırlar. Ümumiyyətlə, belə əməliyyatların həyata keçirilməsi asan olmur. Düşmən əvvəlcədən sıx meşələrdə, xüsusi düzəldilmiş sığınacaqlarda gizlənir, qəfildən atəş açır, yaxud keçidləri, cığırları minalayırlar. Ona görə də belə əməliyyat tədbirlərinin yüksək səviyyədə aparılması üçün xüsusi hazırlıq, səbrli olmaq, diqqəti bir an belə əldən verməmək tələb olunur. İnanırıq ki, əsgər və zabitlərimiz təmizləmə prosesində çox diqqətlidirlər. Eyni zamanda ehtiyatı əldən vermək olmaz. Elə etmək lazımdır ki, itki olmasın, ağıllı, düşünülmüş tədbirlər nəticəsində tör-töküntülər təmizlənsin. Azərbaycan əsgərinin şücaətinə inanırıq, ümid edirəm ki, müzəffər Azərbaycan əsgəri 44 günlük müharibə və antiterror əməliyyatları zamanı göstərdiyi qəhrəmanlıqları ərazilərimizin tör-töküntülərindən təmizləmə prosesində də təkrar edəcək. Ərazilərimizin təmizlənməsi prosesi barədə möhtərəm prezidentimiz MDB-yə üzv dövlətlərin təhlükəsizliyi və xüsusi orqanaların rəhbərləri Şurasının 53-cü iclasının iştirakçıları ilə görüşündə də danışıb. Bu gün Azərbaycan əsgəri, hüquq-mühafizə və xüsusi xidmət orqanlarının əməkdaşları bu istiqamətdə əməliyyat axtarış tədbirlərini davam etdirirlər. İnanıram ki, əsgərlərimiz ərazilərimizin tam təmizlənməsi barədə yaxın zamanlarda da möhtərəm Prezidentə və xalqımıza qələbə raportu verəcəklər".
Humay İSGƏNDƏRLİ