"İsrail ordusunun bir neçə ciddi səhvi oldu" - Polkovnik
Oktyabrın 7-dən başlayan HƏMAS-İsrail müharibəsi davam edir. Təəssüf ki, hərbi toqqşumalar zamanı hər iki tərəfdən həlak olan və yaralanan minlərlə mülki şəxs var. Bir neçə gün əvvəl isə Qəzzada bir xəstəxanaya atılan raket nəticəsində içərisində uşaqlar da olmaqla yüzlərlə dinc fələstinli öldü. Maraqlıdır ki, İsrail ordusunun Qəzzada apardığı hərbi əməliyyatlar zamanı HƏMAS terrorçularından daha çox mülki şəxslər hədəfə tuş gəlir. Bu isə İsrail Müdafiə Qüvvələrinin peşəkarlığını şübhə altına alır.
Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan Ordusu Qarabağ bölgəsində antiterror əməliyatları həyata keçirdi. Lakin həmin ərazilərdə yaşayan mülki ermənilərin birinin belə burnu qanamamışdı.
Bu baxımdan Azərbaycan Ordusunun İsrail ordusundan daha peşəkar olduğunu deyə bilərikmi?
Mövzu ilə bağlı Redaktor.az-a danışan hərbçi ekspert, polkovnik Üzeyir Cəfərov dedi ki, İsrail dünyanın aparıcı ordularından birinə malikdir.
"Bu vəziyyətdə bizim ordumuz peşəkardır və ya onların ordusu peşəkardır məsələsini deməzdim. Elə məsələlər var ki, İsrail ordusu bizə irad bildirir və ya biz onlara. Ona görə hər ordunun öz taktiası, strategiyası var. İsrail ordusu hazırda quru əməliyyatlarına ona görə başlamır ki, çox sayda insan itkisi ola bilər. Əgər imkan olsaydı, quru əməliyyatlarına çoxdan başlamışdılar. Amma quru əməliyyatı keçiriləcək, onlar HƏMAS-ı yer üzündən silmək istəyirlər. Bunu dünən Amerikanın prezidenti Co Baydenlə görüş zamanı da qabardıblar. Hər ordunun özünün yanaşması var, İsrail ordusunun da bir neçə ciddi səhvləri oldu. Bu məsələlər də araşdırılacaq və kimin günahkar olduğu bilinəcək", - deyə ekspert bildirdi.
Humay İSGƏNDƏRLİ