Səfərbərlik və Hərbi Xidmətə Çağırışla bağlı müraciətlər dinlənildi - FOTOLAR

 15:19 27.10.2023     279

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi Mürsəl İbrahimov oktyabrın 27-də Qazax şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Qazax, Ağstafa, Tovuz və Gədəbəy rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilərək önünə gül dəstəsi qoyulub, əziz xatirəsi ehtiramla yad edilib.

Qəbulda 20 vətəndaşın müraciəti dinlənilib. Vətəndaşlar SHXÇDX-də həqiqi hərbi xidmətə və ya işə qəbul, vaxtından əvvəl tibbi şəhadətləndirmə, Vətən müharibəsində iştiraka görə təltif olunma, müharibə veteranı adı və vəsiqəsinin verilməsi və s. məsələlərlə bağlı müraciət ediblər.

Redaktor.az xəbər verir ki, SHXÇDX rəisi Mürsəl İbrahimov qəbul zamanı hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. SHXÇDX-nin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

Qəbulda iştirak edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Qəbuldan sonra Xidmət rəisi Mürsəl İbrahimov və Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Vətən müharibəsi şəhidi Daşdəmirov Elfak Eltun oğlunun anım mərasimində iştirak ediblər.