Gənc əsgərlərin andiçmə mərasimi keçirildi - VİDEO
Azərbaycan Respublikasının Dövlət Bayrağı Günündə Əlahiddə Ümumqoşun Orduda gənc əsgərlərin andiçmə mərasimi keçirilib.
Bu barədə Redaktor.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Mərasimdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi yad edilib, Dövlət Himnimiz səsləndirilib.
Gənc əsgərlər Azərbaycan Respublikasının mənafeyini, ərazi bütövlüyünü və müstəqilliyini canları bahasına qoruyacaqlarına and içiblər.
Tədbirdə çıxış edən zabit, əsgər və valideynlər şəxsi heyətə vətənpərvər, yenilməz, mübariz, Vətənə, dövlətə və öz Ali Baş Komandanına sadiq olmağı, əcdadların hərbi ənənələrini layiqincə davam etdirməyi arzulayıblar.
Əlahiddə Ümumqoşun Ordu komandanının müavini, general-mayor Rəhim Cəfərov Zəfər və Dövlət Bayrağı Günləri, həmçinin andiçmə mərasimi müasibətilə şəxsi heyəti təbrik edib.
Bildirilib ki, Azərbaycan xalqı bu il Dövlət Bayrağı Gününü tamam başqa əhval-ruhiyyədə, böyük sevinc və qürurla qeyd edir. Çünkü xalqımız fəxr edir ki, müstəqilliyimizi təcəssüm etdirən şanlı Dövlət Bayrağımız işğaldan azad edilən torpaqlarımızda, ölkəmizin bütün suveren ərazilərində qürurla dalğalanır.
General-mayor Rəhim Cəfərov çıxışının sonunda hərbi andı qəbul edən əsgərlərə xalqımıza qələbə sevinci yaşadan hərbi qulluqçularımızın davamçıları olaraq şərəfli xidmətlərində uğurlar arzulayıb.
Şəxsi heyətin tribuna önündən təntənəli keçidi ilə mərasim başa çatıb.