"Buna da Rusiya deyərlər, özləri üçün bir məşğuliyyət tapacaqlar" - Üzeyir Cəfərov
"Nə qədər ki, Rusiya sülhməramlıları bölgədədir, mən hesab edirəm ki, bu, düzgün qərardır. Qardaş Türkiyənin də məlumatı var ki, Rusiya hələ bölgədən getmək istəmir. Ona görə də Türkiyədə belə bir qərarı vermək istəmir. İstəmir ki, ruslar buradan çıxmamış türk qardaşlarımız getsinlər. Türkiyə Monitorinq Mərkəzinin Qarabağda qalma müddətinin uzadılması ilə bağlı təklifi prezident Ərdoğan Türkiyə Böyük Millət Məclisinə verib. Bu məqsədlidir. Ən azından təsəvvür edin ki, indi qardaş Türkiyə nümayəndələri Azərbaycandan gedirlər və mənzərəni gözümüzün önünə gətirək. Mənzərə o qədər də ürəkaçan olmayacaq. Ona görə ki, Rusiya indi mələk obrazına girib. Yəni özünü guya bölgə üçün çox dəyərli və vacib bir güc, qüvvə sayır deyə özlərini o obrazda təqdim etməyə çalışırlar. Baxın, bizim toponimlərin adlarını Azərbaycanın əvvəllər tələb etdiyi şəkildə yazmağa başlayıblar. Azərbaycanlılara, nə bilim istənilən işdə dəstək olmağa hazır olduqlarını bildirirlər və sair".
Bu sözləri Redaktor.az-a açıqlamasında hərbçi ekspert, polkovnik Üzeyir Cəfərov Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı mandatının müddətinin bir il uzadılmasına dair qanun layihəsinin Türkiyə Böyük Millət Məclisinə (TBMM) göndərilməsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Rusiya var gücü ilə Azərbaycanı razı salmağa çalışır ki, 2025-ci ildən sonra da onlar burada qalsınlar və daha beş il bölgədə fəaliyyətlərini davam etdirsin:
"Amma ortaya sual çıxır ki, onlar burda qalıb nə işlə məşğul olacaqlar? Amma buna da Rusiya deyərlər. Onlar özləri üçün bir məşğuliyyət tapacaqlar. Türkiyəyə qalsaydı, Türkiyə dünəndən artıq məsələ bitdiyinə görə çıxıb gedə bilərdi. Amma Türkiyə sənədlə, sübutla, qanunlar çərçivəsində qardaş Azərbaycanın yanında olmaq istəyir. Yəni Azərbaycan ərazisində olmaq istəyir ki, sabah hər hansı bir narahatçılıq yaşanmasın. Çünki baxın, guya ruslar buradan qoşunlarını çıxardılar. Hara çıxardılar? Rusların elə iki gündən bir verdiyi açıqlama odur ki, biz artıq Rusiya sülhməramlılarının məsələsini yalnız Azərbaycanla müzakirə edirik. Yaxşı, əgər sənəddə 2025 göstərib, konflikt də yoxdur. Sənin burda qalmağa nə ehtiyacın var?
Yəni görünən odur ki, Rusiya burada hələ bir müddət qalmağı düşünür. O müddət ərzində də yəqin ki, onların öz müəyyən planları var. Mən isə əvvəlki kimi öz fikrimdə qalıram. Rusiya sülhməramlıları çoxdan bölgədən getməli idilər. Yəni onların burda qalmağı əlavə problem, əlavə narahatçılıqdır. Hər halda getsələr, daha yaxşı olar, nəinki qalıb burda müəyyən problemlər yarada bilərlər. İndi nə problemdir, onu özünüz də eşidəcəksiniz. Bilirsiz, bir müddət onlar erməni millətindən olan şəxslərlə də müəyyən problemlər yaşayırdılar. Amma bunun getməsi üçün də mətbuat olaraq, ictimaiyyət olaraq, elə o cümlədən rəsmi şəxslər də yavaş-yavaş bəzi fikirlərini açıqlamalıdırlar".
Həmidə İBRAHİMLİ